ELM VƏ TEXNOLOGİYA


Görkəmli şair Sergey Yeseninin anadan olmasının 121-ci ildönümü qeyd edilib

A+ A

Bakı, 4 oktyabr, Günel Məlikova, AZƏRTAC

Oktyabrın 4-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dendrologiya İnstitutunda böyük rus şair Sergey Yeseninin anadan olmasının 121-ci ildönümü və AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin S.Yesenin adına Azərbaycan-Rusiya Ədəbi Əlaqələr Mərkəzinin yeni ekspozisiyasının açılışına həsr edilən elmi, ədəbi-musiqili tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən AMEA-nın prezidenti, akademik Akif Əlizadə bu günün böyük bayram olduğunu vurğulayıb. Akademik qeyd edib ki, bu gün biz böyük Yesenini yenidən xatırlayır və ona yenidən heyran oluruq. “Məhəbbət”, “Vətən” kimi sadə anlayışların təməlində şairin böyük zəhməti, onun doğma torpağa və insanlara qayğıkeş münasibəti dayanır. Akademik Yeseninin təkrarolunmaz, bütün dünyaya məxsus şair olduğunu söyləyib. Təqdim edilən ekspozisiyadan danışan A.Əlizadə, bu guşənin Yeseninin Azərbaycan və azərbaycanlılara olan sevgisinin əksi olduğunu bildirib.

Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin S.Yeseninin 121 illiyinin ölkəmizdə qeyd edilməsini yüksək dəyərləndirib. Səfir bütün yeseninşünasların Azərbaycana gəlib bu guşəni görmələrini tövsiyə edib. Şairin keçdiyi çətin və keşməkeşli yoldan danışan V.Doroxin onun əllidən çox şeirinin və iki poemasının məhz Azərbaycanda yazıldığını xatırladıb. Bu əsərlərin ərsəyə gəlməsində Şərqin, xüsusilə Azərbaycanın xüsusi yeri var. S.Yeseninin Azərbaycanda, Bakıda yazdığı şeirlər onun poeziyasının ən qiymətli inciləridir. Səfir rus ədəbiyyatına diqqət və qayğını xüsusi qeyd edib, rus yazıçı və şairlərinin Azərbaycanda yubileylərinin keçirilməsi ənənəsinin təqdirəlayiq hal olduğunu bildirib.

AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli S.Yeseninin rus romantik poeziyasının, lirikasının öndəgedən nümayəndələrindən olduğunu bildirib. Qeyd edilib ki, ədəbiyyatın bu növünün şairin doğumundan əsrlər əvvəl yaranmasına baxmayaraq, o, bu axının parlaq simalarından birinə çevrilə bilib. Akademik şairin gündəlik həyatı sətirlərdə çox sadə dillə, ən gözəl şəkildə ifadə etdiyini bildirib. İ.Həbibbəyli Yeseninin əsərlərinin dəfələrlə Azərbaycan dilinə tərcümə olunduğunu, məqalələrinin Azərbaycan nəşrlərində bu günədək dərc edildiyini xatırladıb.

AMEA-nın Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov S.Yeseninin ilk xatirə memorialının 1975-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə, şairin anadan olmasının 80 illiyi münasibətilə açıldığını bildirib. Bu günü böyük ədəbiyyat bayramı kimi dəyərləndirən akademik hər il oktyabrın 3-də şairin doğum gününün Azərbaycanda qeyd olunduğunu xatırladıb. R.Hüseynov Yesenini sadəliyin şairi adlandırıb və bildirib ki, bu xüsusiyyət Yesenin kimi şairlərə xasdır.

Digər çıxış edənlər də S.Yeseninin həyat və yaradıcılığından danışıblar. Onun təkcə Rusiyanın deyil, həm də bir dünya şairi olduğu vurğulanıb. Bildirilib ki, bu gün Yeseninin şeirlərinə bəstələnən mahnılar dünyada səslənir. Onun sadə dildə yazılmış şeirləri hər nəsildən olan insanların zövqünə uyğundur.

Sonra şairin öz səsində şeirləri səsləndirilib.

Tədbirin ədəbi-bədii hissəsində şairin əsərlərindən nümunələr təqdim edilib, sözlərinə bəstələnən mahnılar ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.