ELM VƏ TEXNOLOGİYA


Görkəmli şərqşünas alim Aida İmanquliyevanın xatirəsi anılıb

A+ A

Bakı, 19 sentyabr, AZƏRTAC

Sentyabrın 19-u XX əsrdə Azərbaycanın dünya elminə bəxş etdiyi görkəmli simalardan biri - şərqşünas alim, pedaqoq, filologiya elmləri doktoru, professor Aida İmanquliyevanın xatirə günüdür.

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin kollektivləri II Fəxri xiyabanda görkəmli şərqşünas alim Aida İmanquliyevanın məzarını ziyarət edib, xatirəsini dərin ehtiramla anıb, məzarı önünə əklillər qoyub, gül dəstələri düzüblər.

İnstitutdan AZƏRTAC-a bildiriblər ki, anma mərasimində Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, AMEA-nın müxbir üzvü Gövhər Baxşəliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova 24 il öncə dünyasını dəyişmiş böyük alimin keçdiyi həyat yolundan, zəngin və dəyərli elmi fəaliyyətindən danışıbar. G.Baxşəliyeva Aida xanım İmanquliyevanın həm bir alim kimi dünya şərqşünaslıq elminə böyük töhfələr verdiyini, həm də bir qadın, ana kimi Azərbaycan qadınına örnək bir ömür yaşadığını qeyd edib. Aida xanımın elmi fəaliyyətinin müxtəlif istiqamətlərini xatırladan G.Baxşəliyeva onun müasir ərəb ədəbiyyatının tədqiqində yeni səhifə açdığını, yeni bir məktəbin əsasını qoyduğunu söyləyib.

Böyük alimin qoyduğu zəngin elmi irslə yanaşı, elmi kadrların hazırlanmasında göstərdiyi xidmətlərdən söz açan G.Baxşəliyeva onun Şərqşünaslıq İnstitutuna rəhbərlik etdiyi dövrdə bacarıqlı bir təşkilatçı kimi özünü göstərdiyini, Aida İmanquliyevanın itkisinin bütövlükdə Azərbaycan elminin böyük itkisi olduğunu vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.