ELM VƏ TƏHSİL
Görkəmli tarixçi alimin 90 illik yubileyi qeyd olunub
Bakı, 12 oktyabr, Günel Məlikova, AZƏRTAC
Oktyabrın 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix İnstitutunda görkəmli səfəvişünas alim, AMEA-nın müxbir üzvü Oqtay Əfəndiyevin anadan olmasının 90 illiyinə həsr edilən tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə institutun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov uzun illər bu elm müəssisəsində Azərbaycanın orta əsrlər tarixi şöbəsinə rəhbərlik etmiş Oqtay Əfəndiyevin dünyanın bir çox ölkələrində tarix elmimizi layiqincə təmsil etdiyini söyləyib. Bildirilib ki alim ilk dəfə Azərbaycanda Səfəvi tarixinə ayrıca bir monoqrafiya həsr edib. Səfəvilər dövlətinin Azərbaycan dövləti olması ilk dəfə O.Əfəndiyev tərəfindən tutarlı faktlarla sübuta yetirilib. Y.Mahmudov bildirib ki, milli ruhlu tarixçi kadrların yetişməsində O.Əfəndiyevin həlledici rolu olub.
AMEA-nın müxbir üzvü Nərgiz Axundova O.Əfəndiyevin beynəlxalq elmi toplantılarda Azərbaycan tarix elmini layiqincə təmsil etdiyini vurğulayıb. Bildirilib ki, beynəlxalq ictimaiyyət tarixi keçmişimizlə bağlı bir çox həqiqətləri O.Əfəndiyevin dilindən eşidib, onun bu istiqamətdəki yazılarından oxuyub. Alimin uzun illər Azərbaycan dövlətçiliyi ənənələrini tədqiq etdiyini vurğulayan N.Axundova bildirib ki, O.Əfəndiyevin bir sıra tədqiqatları müxtəlif dillərə tərcümə olunub və həmin əsərlərə dünyanın tanınmış alimləri bu gün də istinad etməkdədirlər.
Bildirilib ki, O.Əfəndiyevin elmi əsərləri XV-XVIII əsr Azərbaycan tarixinin çətin problemlərinə - Azərbaycan dövlətlərinin sosial-iqtisadi, siyasi tarixi, beynəlxalq əlaqələri, Şərq və Avropa dillərindəki mənbələrin nəşri, tarix-coğrafiya məsələlərinə həsr olunub.
Tədbirdə “Görkəmli şərqşünas alim Oqtay Əfəndiyev”, “Azərbaycan Səfəvi dövlətinin əzmkar tədqiqatçısı Oqtay Əfəndiyev” və “Azərbaycan səfəvişünaslığında Oqtay Əfəndiyev mərhələsi” mövzularında məruzələr dinlənilib.
Tarix İnstitutu direktorunun müavini, dosent Tofiq Nəcəfli, professor Şahin Fazil, tarix elmləri doktoru Xeyirbəy Qasımov və başqaları çıxış edərək O.Əfəndiyevin Azərbaycan dövlətçiliyi ənənələrinin tədqiqi sahəsindəki fəaliyyətindən, tarix elmimizə verdiyi töhfələrdən danışıblar.