MƏDƏNİYYƏT


Görkəmli xalça ustasının anadan olmasının 110 illiyinə həsr edilmiş sərgi açılıb

A+ A

Bakı, 17 noyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Noyabrın 17-də Azərbaycan Xalça Muzeyində Xalq Rəssamı Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş “L.Kərimov: Xalça sənətinə həsr olunmuş həyat sərgisi” adlı sərgi açılıb.

AZƏRTAC xəbər verir ki, sərgi Azərbaycan Xalça Muzeyi ilə Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyində saxlanılan Lətif Kərimovun əsərlərini bir arada birləşdirir.

Tədbirdə mədəniyyət və turizm nazirinin müavini Sevda Məmmədəliyeva nazirliyin təşəbbüsü ilə dünya şöhrətli xalçaçı-rəssam, alim, “Azərbaycan xalçası” adlı fundamental elmi əsərin müəllifi Lətif Kərimovun anadan olmasının 110 illiyinə həsr edilmiş silsilə tədbirlərin keçiriləcəyini bildirib.

Azərbaycan Mədəniyyətinin Dostları Fondunun təşəbbüsü ilə Bakıda Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondunun yaradıldığını söyləyən nazir müavini deyib ki, görkəmli xalçaçı-rəssama həsr edilmiş beynəlxalq simpozium keçiriləcək. Bildirib ki, bu tədbirlərin keçirilməsində başlıca məqsəd L.Kərimovun müqəddəs işinin davam etdirilməsi, Azərbaycan xalçaçılıq sənətini dünyaya tanıtmaq, ölkəmizin daxilində bu sənətin inkişafına təkan verməkdən ibarətdir.

Xalça Muzeyinin direktoru Şirinxanım Məlikova bildirib ki, tədbirlə əlaqədar sərgidə L.Kərimovun müəllifi olduğu 100-ə qədər xalça eskizləri, onların əsasında toxunan 15 xalça və xalça məmulatları, şəxsi arxivində qorunan fotoşəkillər və sənədlər nümayiş olunur. O bildirib ki, muzeyin kolleksiyasında L.Kərimovun müəllifi olduğu 35 xalça və 100-dən çox xalça eskizi saxlanılır.

Rusiya Mədəniyyət Nazirliyinin dəstəyi ilə tədbirdə iştirak edən Ümumrusiya Dekorativ-tətbiqi və Xalq Sənəti Muzeyinin direktoru Yelena Titova bu sərgiyə töhfə olaraq L.Kərimovun 1934-cü ildə toxuduğu “Firdovsi” xalçasını, eyni zamanda, onun toxuduğu başqa 6 ədəd xalça və 4 ədəd xalça məmulatı gətirdiyini söyləyib. Qonaq bildirib ki, görkəmli xalça ustasının toxuduğu xalçalar öz qədimiliyi və koloriti ilə nəinki keçmiş sovet məkanında, hətta dünyada şedevr sənət nümunələri kimi tanınır.

Tədbirdə UNESCO yanında xalçaçı-rəssamlar birliyinin üzvü Eldar Mikayılzadə bildirib ki, ustad sənətkarın ilk dəfə toxuduğu “Firdovsi” portret xalçası Parisdə keçirilən beynəlxalq sərgidə təqdim olunmaqla L.Kərimova böyük şöhrət gətirib.

Sərgi çərçivəsində “Azərbaycan Xalça Muzeyinin kolleksiyasından Lətif Kərimovun əsərləri” adlı kitabın təqdimatı keçirilib. Kitabda muzeydə qorunan, L.Kərimovun müəllifi olduğu eskizlər və xalçalar, Kərimovlar ailəsinin şəxsi arxivində saxlanılan, bu günə qədər heç bir yerdə nümayiş olunmayan fotoşəkillər, sənədlər və məktublar dərc olunub.

Xalçaçı-rəssamın ailəsi adından Lətif Kərimov adına Azərbaycan Xalçaçılıq Fondunun direktoru Eldar Hüseynov tədbirin təşkilatçılarına, qonaqlara və tədbir iştirakçılarına minnətdalığını bildirib.

Sonda sərgiyə baxış keçirilib.

Sərgi 2017-ci il yanvarın 18-dək davam edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.