MƏDƏNİYYƏT
Görkəmli xanəndənin 150 illiyinə həsr edilmiş tədbir
Bakı, 1 oktyabr (AZƏRTAC). Oktyabrın 1-də Azərbaycan Musiqi Mədəniyyəti Dövlət Muzeyində görkəmli Azərbaycan xanəndəsi Keçəçioğlu Məhəmmədin anadan olmasının 150 illiyinə həsr edilmiş tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova Keçəçioğlu Məhəmmədin yaradıcılığı haqqında məlumat verib.
Tədbirdə xalq artistləri - Canəli Əkbərov, Ramiz Qulivev və başqaları mahir ifaçı və muğam bilicisi Küçəçioğlu Məhəmmədin Qafqazda böyük şöhrət qazandığını, muğam sənəti tarixində əbədiyaşar zəngulələri ilə yadda qaldığını söyləyiblər.
Sonda muzeyin qədim musiqi alətləri ansamblının müşayiəti ilə əməkdar artistlər Nuriyyə Əhmədova, Teyyub Aslanov, gənc xanəndələr İlkin Əhmədov, Babək Niftəliyev və Abgül Mirzəliyevin ifasında Keçəçioğlu Məhəmmədin vaxtı ilə oxuduğu muğamlar səsləndirilib.