ELM VƏ TƏHSİL
Görkəmli xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin xatirəsi yad olunub
Bakı, 2 sentyabr, AZƏRTAC
Görkəmli xeyriyyəçi-mesenat Hacı Zeynalabdin Tağıyevin 92-ci ildönümü münasibətilə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Milli Azərbaycan Tarixi Muzeyinin bir qrup əməkdaşı və onun nəslinin nümayəndələri mərhumun Mərdəkandakı məzarını ziyarət ediblər.
Muzeydən AZƏRTAC-a bildiriblər ki, mərasimdə tanınmış xeyriyyəçinin xatirəsi yad edilib və onun fəaliyyəti ilə bağlı mühüm məqamlardan söhbət açılıb.
Qeyd edək ki, ölkəmizin aparıcı muzeylərindən olan Milli Azərbaycan Tarixi Muzeyi H.Z.Tağıyevin 1895-1897-ci illərdə tikdirdiyi mülkündə yerləşir. H. Z. Tağıyev XIX əsrin sonu XX əsrin əvvəllərində neft dalğası ilə yüksələn Azərbaycanın tanınmış və hörmətli neft maqnatlarından biri olub. O, hədsiz ictimai, maarifçilik və xeyriyyəçilik fəaliyyəti ilə əsl ümumxalq sevgisi qazanıb. Bu mərhəmətli şəxsin müdrikliyi, parlaq diplomatik bacarığı və çox güclü şəxsi keyfiyyətləri bu gün də insanı ona heyran olmağa vadar edir. H.Z.Tağıyev sağlığında inqilabdan əvvəlki Bakının işgüzar həyatında mühüm yer tutan bütün etnik qruplar arasında inkaredilməz nüfuza malik olub. Təsadüfi deyil ki, o zaman Bakıda fəaliyyət göstərən müsəlman, rus, erməni və yəhudi xeyriyyə cəmiyyətləri onu özlərinin fəxri sədri seçiblər. H.Z.Tağıyevin həyat yolu bizi bir daha əmin edir ki, həyatda uğur qazanmaq üçün ən əsas şey özünə, Vətəninə inam və şübhəsiz ki, öz üzərində daima çalışmaqdır. 1924-cü il sentyabrın 1-də Mərdəkanda vəfat edən H. Z. Tağıyev Axund Əbuturab məqbərəsində dəfn olunub.