MƏDƏNİYYƏT


Görkəmli yazıçı-dramaturq Seyfəddin Dağlının 95 illik yubileyi qeyd olunub

A+ A

Bakı, 19 oktyabr, Z.Mansurova, A.İsmayılova, AZƏRTAC

Oktyabrın 19-da “C.Cabbarlı adına mədəniyyət, elm və təhsilin inkişafına yardım” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə Gənc Tamaşaçılar Teatrında Azərbaycan ədəbiyyatının tanınmış nümayəndələrindən biri, yazıçı, şair, jurnalist, dramaturq, görkəmli gülüş ustası Seyfəddin Dağlının anadan olmasının 95 illiyi münasibətilə xatirə gecəsi keçirilib.

AZƏRTAC xəbər verir ki, “Müasir cəmiyyətdə milli-mənəvi dəyərlərin qorunması, maarifçiliyin inkişaf etdirilməsi, Azərbaycanın klassik və müasir ədəbiyyat xadimlərinin yaradıcılığının təbliği” layihəsi çərçivəsində reallaşan tədbirdə əvvəlcə ədibin həyat və yaradıcılığını əks etdirən fotoslayd nümayiş olunub.

Xalq Şairi Nəriman Həsənzadə vaxtilə yaxın qonşusu olduğu S.Dağlı ilə bağlı xatirələrini bölüşüb. Deyib ki, o, bu gün cismən aramızda olmasa da yazdığı əsərlərdə hər zaman bizimlədir. Onun pyesləri əsasında səhnələşdirilən tamaşalar böyük bir aktyor ordusunun yetişib, kamilləşməsinə təkan verib. Seyfəddin Dağlının qələmindən çıxan əsərlərin bu gün də aktual olduğunu və sevilə-sevilə oxunduğunu vurğulayan Xalq Şairi onun pyeslərinin Azərbaycan teatrında dəfələrlə tamaşaya qoyulduğunu söyləyib.

Tədbirdə çıxış edən digər natiqlər bildiriblər ki, Xızıda dünyaya göz açan S.Dağlı bir müddət “Kommunist” və “Ordu” qəzetlərində müxtəlif vəzifələrdə çalışıb. Dövlət Teleradio Komitəsində baş redaktor, Bakı Telestudiyasının direktoru və sədr müavini vəzifələrində işləyib. Uzun müddət “Kirpi” jurnalının baş redaktoru olub. Bir çoxları kimi Seyfəddin Dağlı da yaradıcılığa şeirlə başlayıb. Sonralar bunu ardıcıl şəkildə davam etdirməsə də, ara-sıra şeirlər yazıb. Onun bir sıra şeirlərinə mahnı bəstələnib. Bunların içərisində bəstəkar Cahangir Cahangirovun bəstələdiyi, Xalq Artisti Mirzə Babayevin oxuduğu "Çayçı" mahnısı çox populyar olub.

Bildirilib ki, “Dəniz kəşfiyyatçısı”, “Adı sənin, dadı mənim”, “Aydınlığa doğru”, “Mənziliniz mübarək”, “Təzə gəlin”, “Kölgələr pıçıldaşır” pyesləri, “Bahar oğlu”, “Məşəl”, “Sabiqlər” və digər kitabları geniş oxucu kütləsinin rəğbətini qazanıb. S. Dağlı 1983-cü il yanvarın 18-də dünyasını dəyişib.

Tədbirin iştirakçılarına minnətdarlığını bildirən ədibin qızı Qəmər Seyfəddinqızı atası ilə bağlı xatirələrini bölüşərək deyib: “Atam çox dürüst, zəhmətkeş, namuslu, öz xalqını istəyən bir insan idi. Kömək lazımdırsa, tanımadığı adama belə kömək edərdi. Fikirləşirəm, bir dənə mənfi xüsusiyyətini tapa bilmirəm. Zəhmi vardı, amma çox zarafatcıl adam idi”.

Tədbirdə aktyorların ifasında Seyfəddin Dağlının əsərlərindən səhnəciklər təqdim edilib, şeirlərinə bəstələnmiş mahnılar ifa olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.