ELM VƏ TƏHSİL


Görkəmli zooloq -alim Musa Musayevin 95 illik yubileyi qeyd olunub

Bakı, 12 iyul, M.Dadaşov, AZƏRTAC

İyulun 12-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) Əməkdar Elm Xadimi, “Şöhrət” ordenli, akademik Musa Musayevin 95 illik yubileyinə həsr olunan tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə AMEA Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi, akademik Əhliman Əmiraslanov unudulmaz alim Musa Musayevin Azərbaycan elminin görkəmli xadimlərindən biri olduğunu deyib, onun zoologiya elminin inkişafına verdiyi töhfələrdən danışıb. Ə.Əmiraslanov alimin yaratdığı elmi məktəbin əhəmiyyətini xüsusi qeyd edib, bu məktəbin davamçılarının səmərəli elmi tədqiqatlar apardığını diqqətə çatdırıb.

Musa Musayevin elmi fəaliyyəti barədə məlumat verən Ə.Əmiraslanov vurğulayıb ki, onun ilk elmi axtarışları heyvanlar və insanlar üçün təhlükəli xəstəliklərindən birinin – leptospirozların öyrənilməsinə həsr edilib. Azərbaycanda bu xəstəliyin ilk hərtərəfli tədqiqatçısı Musa Musayev olub. Ömrünün 61 ili Zoologiya İnstitutu ilə bağlı olan alimin elmi fəaliyyəti təkcə zoologiya ilə məhdudlaşmayıb. Azərbaycanın dünyada tanınmasında böyük xidmətləri olan Musa Musayev beynəlxalq məkanda Vətənimizi layiqincə təmsil edib. Elmimizə şöhrət gətirən görkəmli alimlərimizin sırasında akademikin adı xüsusi yer tutur.

Ə.Əmiraslanov diqqətə çatdırıb ki, Azərbaycan elminin inkişafında böyük xidmətləri olan insanların yubileylərinin bu cür təşkili artıq gözəl bir ənənəyə çevrilib. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan bu ənənə böyük uğurla davam etdirilir. Daim Azərbaycanın inkişafında böyük xidmətlər göstərən, ölkəmizi nəinki keçmiş sovetlər məkanında, hətta beynəlxalq miqyasda tanıdan insanların yubileylərini vaxtaşırı keçirilməsi vacibdir.

AMEA Zoologiya İnstitutunun direktoru, fizika üzrə fəlsəfə doktoru, dosent Elman Yusifov Azərbaycan elminin korifeylərindən biri Musa Musayevin həyat və yaradıcılığı haqqında məruzə ilə çıxış edib. Vurğulanıb ki, alimin Zoologiya İnstitutuna rəhbərlik etdiyi dövrdə bu elm müəssisəsində fəaliyyət göstərən laboratoriyalardan 12-si akademikin şəxsi təşəbbüsü və rəhbərliyi ilə yaradılıb. Alimin və onun tələbələrinin uzun illər apardıqları tədqiqatlar nəticəsində faunanın geniş bir qrupunu təşkil edən, sərbəst yaşayan, insanda, vəhşi və ev heyvanlarında parazitlik edən ibtidailərin növ tərkibi, sistematikasi, yayılması, həyat tsikli, parazit-sahib münasibətlərinin biokimyəvi xüsusiyyətləri və bu kimi məsələlər geniş şəkildə öyrənilib. Musa Musayev onurğalı heyvanlarda parazitlik edən və təsvirlərini verdikləri elm üçün yeni olan 71 növ koksididən bir neçəsinə şagirdlərinin və Azərbaycanın yer adlarını verib.

E.Yusifov bildirib ki, akademik Azərbaycanda leptospriozun ilk hərtərəfli tədqiqatçısı kimi keçmiş SSRİ-də bu sahədə aparılan elmi işlərin planlaşdırılmasında birbaşa iştirak edib. O, bu istiqamətdə kadrlar hazırlayıb, elmi məqalələr və monoqrafiyalar yazıb. Alimin “İribuynuzlu heyvanların leptospirozu” monoqrafiyası bugünədək leptosprioz haqqında yeganə məlumatlar toplusu olaraq baytar işçiləri üçün qiymətli vəsait sayılır. Alimin keçən əsrin 50-ci illərində təklif etdiyi “Leptospriozun seroloji diaqnostikası” üsulu indi də müasir immunoloji metodlarla bərabər, bu xəstəliyin diaqnostikasında istifadə edilir. Musa Musayev Zoologiya İnstitutunda təkcə Azərbaycan üçün deyil, digər ölkələr - Qazaxıstan, Özbəkistan, Gürcüstan, Belarus, Moldova üçün protozooloq alimlər hazırlayıb. Görkəmli alim xidmətlərinə görə bir çox orden və medallarla təltif edilib.

Tədbirdə professor Şaiq İbrahimov, biologiya üzrə fəlsəfə doktoru Türkan Qurbanova, professor Vaqif Verdiyev akademik Musa Musayev haqqında xatirələrini bölüşüblər.

Sonra yeni təsis edilən “Akademik Musa Musayev mükafatı” sahiblərinə təqdim edilib.

Sonda Musa Musayevin həyatı və elmi fəaliyyəti ilə bağlı lentə alınmış “Elmə həsr edilmiş ömür” filmi nümayiş olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.