CƏMİYYƏT
Görmə imkanları məhdud masajçılar işlə təmin edilib
Bakı, 30 iyun, AZƏRTAC
Bakı 1 nömrəli Tibb Kollecinin idman və müalicəvi masaj fakültəsini bitirən məzunlardan I və II qrup görmə imkanları məhdud masajçılara diplomlar təqdim edilib.
AZƏRTAC xəbər verir ki, Kollecdə Səhiyyə Nazirliyinin nümayəndəsi Nəcibə Hüseynovanın, Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin vitse-prezidenti Reyhan Cəfərovanın və Tibb Kollecinin direktoru Nəriman Mövsümovun iştirakı ilə idman və müalicəvi masaj fakültəsini bitirmiş 13 nəfər görmə imkanları məhdud masajçı Bakı şəhəri üzrə dövlət səhiyyə müəssisələrinə təyinat alaraq işlə təmin edilib.
Səhiyyə Nazirliyinin, Gözdən Əlillər Cəmiyyətinin və 1 nömrəli Tibb Kollecinin birgə səyi nəticəsində idman və müalicəvi masaj fakültəsi qısa müddətdə maddi–texniki bazasını yaradaraq görmə imkanları məhdud gənclər üçün tam formalaşmış təhsil məkanına çevrilib. Səhiyyə Nazirliyinin maliyyə dəstəyi ilə təhsilin keyfiyyətinin yüksəldilməsi məqsədilə Gözdən Əlillər Cəmiyyəti tərəfindən Brayl, iri şriftli və səsli formatlı dərsliklər və dərs vəsaitləri nəşr edilib və əyani vəsaitlər kimi kollecə təhvil verilib.