REGİONLAR
Göyçay, Ağdaş, Mingəçevir və Qəbələdə ümumxalq səsverməsi seçicilərin yüksək fəallığı şəraitində davam edir
Göyçay, 26 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Sentyabrın 26-da respublikamızın hər yerində olduğu kimi Göyçay, Qəbələ, Mingəçevir və Ağdaşda da Azərbaycan Respublikasının Konstitusiyasına dəyişiklik edilməsi məqsədilə keçirilən ümumxalq səsverməsi uğurla davam edir.
89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının sədri Nizam Məhərrəmov AZƏRTAC-a bildirib ki, 36 seçki məntəqəsi üzrə 39 min 5 seçici qeydiyyata alınıb. Seçki məntəqələrindən 17-si Ağdaşda, 19-u isə Göyçayda yerləşir. On iki seçki məntəqəsində veb-kamera quraşdırılıb. Seçicilərin 232 nəfəri səsvermədə ilk dəfə iştirak etmək hüququ əldə edib. Səsvermənin gedişini 394 nəfər yerli müşahidəçi izləyir. Hazırda Ağdaş rayonunun Qarağan və Cardam kəndlərində fəaliyyət göstərən 26 və 27 saylı seçki məntəqələrində “exit-poll” keçirilir.
90 saylı Ağdaş DSK-nın sədri Nurəddin Nəsibov AZƏRTAC-a bildirib ki, referendumun azad, demokratik və şəffaf keçirilməsi üçün Ağdaş rayonundakı bütün seçki məntəqələrində lazımi şərait yaradılıb, zəruri texniki vasitələrlə, o cümlədən mürəkkəb balonları və ultrabənövşəyi lampalarla təchiz edilib. Dairə üzrə 40 seçki məntəqəsinin 10-da veb-kamera quraşdırılıb. Məntəqələrdə səsvermənin gedişini müxtəlif siyasi partiyalar və qeyri-hökumət təşkilatlarını təmsil edən 410 nəfər yerli, habelə nüfuzlu beynəlxalq təşkilatlardan olan müşahidəçilər izləyir. Komissiya sədrinin sözlərinə görə, səsvermə başlayan vaxtdan Ağdaş seçiciləri ölkəmiz üçün mühüm əhəmiyyət daşıyan bu siyasi kampaniyada fəal iştirak edirlər. Səhhəti ilə əlaqədar seçki məntəqəsinə gələrək səsvermədə iştirak edə bilməyən vətəndaşların yaşadığı evə daşınan səsvermə qutuları aparılır və onların bu prosesdə iştirakı təmin edilir. Dairə üzrə 40 min 290 nəfər seçici qeydiyyata alınıb ki, onlardan 304 nəfəri ilk dəfə səs verənlər, 6 nəfər isə yaşı 100-dən yuxarı olan seçicilərdir.
47 saylı Mingəçevir DSK-nın sədri Oqtay Məmmədov AZƏRTAC-a deyib ki, 30 seçki məntəqəsi üzrə seçicilərin ümumi sayı 37 min 347 nəfərdir. Referendumu izləmək üçün 314 nəfər yerli müşahidəçi qeydiyyata alınıb. Həmçinin 12 məntəqədə veb-kamera quraşdırılıb, 3 saylı məntəqədə “exit-poll” keçirilir. Müşahidəçilərdən aldığımız məlumata görə, səsvermə zamanı indiyədək heç bir qanun pozuntusuna yol verilməyib. 47 saylı Mingəçevir DSK-nın 15 saylı məntəqəsində müşahidəçi olan İlhamə Məmmədova bildirib ki, səhər saat 8:00-dan başlayaraq seçicilər məntəqəyə mütəşəkkil olaraq gəlir və hazırda proses davam edir. Referendumda iştirak edən seçici Rəşid Həşimov Azərbaycan vətəndaşı kimi bu səsvermədə fəal iştirak etdiyini və ölkəmizin parlaq gələcəyi üçün Konstitusiyamıza təklif edilən dəyişikliklərə öz münasibətini bildirdiyini deyib.
116 saylı Qəbələ DSK-nın sədri Ramiz Əsədov AZƏRTAC-a bildirib ki, dəqiqləşdirilmiş son məlumata görə, ümumilikdə 54 seçki məntəqəsi tərəfindən 43 min 484 seçici qeydiyyata alınıb. Onlardan 6 nəfəri yaşı 100-dən yuxarı olan seçicilər, 1138 nəfəri isə səsvermədə ilk dəfə iştirak edəcək gənclərdir. Səsvermə prosesinin internet vasitəsilə online izlənilməsi üçün 10 seçki məntəqəsində veb-kamera quraşdırılıb.
88 saylı Göyçay DSK-nın sədri Eldəniz Həmidov isə 43 seçki məntəqəsi üzrə 40 min 900 seçicinin qeydiyyata alındığını vurğulayıb. Onun sözlərinə görə, dairə üzrə 5 seçki məntəqəsində veb-kamera quraşdırılıb, 7 seçki məntəqəsində “exit-poll” keçirilir. Bütün seçki məntəqələrində səsvermə prosesini ümumilikdə 435 yerli müşahidəçi izləyir.