REGİONLAR
Göyçay XI Nar bayramına hazırlaşır
Göyçay, 26 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Noyabrın 5-də Göyçay rayonunda keçiriləcək XI Nar bayramına ciddi hazırlıq işləri görülür.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, hazırda Göyçay şəhərinin mərkəzi küçələrində iməciliklər keçirilir, təmizlik-abadlıq işləri görülür, səliqə-sahman yaradılır, küçələr, səkilər təmir edilir, hasarlar rənglənir. Nar bayramının keçiriləcəyi Göyçay şəhər stadionunda əsaslı təmir işləri görülüb. Ərazinin bayramsayağı bəzədilməsi üçün xüsusi şüarlar, plakat və lövhələr hazırlanır.
Bundan əlavə, rayon mədəniyyət evinin kollektivi, mahnı-rəqs qrupları, kəndirbaz, sehrbaz və idmançılar bayram tədbirinin proqramı əsasında çıxışlara hazırlaşırlar. Nar bayramı ilə əlaqədar təşkilat komitəsi yaradılıb, tədbirlər planı hazırlanıb. Bayram tədbiri zamanı rayonda nar məhsullarından ibarət yarmarkalar, müxtəlif nar sortları və onlardan hazırlanan məhsulların sərgiləri, eləcə də nar ilə bağlı müxtəlif müsabiqələr və oyunlar təşkil ediləcək. Tədbirdə ən böyük nar nümayiş olunacaq və sahibinə pul mükafatı veriləcək.
Xatırladaq ki, nar bayramının iştirakçıları arasında dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycandakı səfirləri, ətraf rayonların icra hakimiyyətlərinin başçıları, yerli və xarici iş adamları olacaq. Göyçay narının şöhrətini dünyaya tanıtmaq məqsədilə 11-ci dəfə keçiriləcək Nar bayramında bir neçə yeniliyin olacağı da bildirilir. Bayram tədbiri Azərbaycanın tanınmış incəsənət ustalarının çıxışları və atəşfəşanlıqla başa çatacaq.