REGİONLAR
Göyçay: bağlardan yığılan xurmanın 70 faizi Rusiya bazarlarına göndərilib
Göyçay, 28 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun xurma bağlarında məhsul yığımı başa çatıb.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il Göyçayın 30-a yaxın kəndində xurma bağlarında bol məhsul yetişdirilib. Havanın yağmurlu və şaxtalı keçməsini nəzərə alan kəndlilər məhsulun vaxtında və itkisiz yığılması üçün bütün qüvvələri səfərbər ediblər. Rayonda mövcud olan 805 hektar bar verən xurma bağından 18 min 700 ton məhsul əldə edilib. Kəndlilər məhsulu öz həyətlərində müştərilərə bir kiloqramını 0.5 manata satıblar. Yığılan məhsulun təxminən 70 faizi iş adamları tərəfindən Rusiya bazarlarına göndərilib.
Məhsuldarlıq ötən ildəkindən 400 ton çox olub. Ötən il rayonda xurma bağlarından 18 min 300 ton məhsul toplanılıb. İş adamları rayon sakinlərindən aldıqları xurmanın bir hissəsini qış aylarına saxlamaq üçün Göyçayın Potu kəndindəki tutumu 700 ton və Ərəbcəbirli kəndindəki tutumu 1000 ton olan soyuducu anbarlara yerləşdiriblər.
Qeyd edək ki, göyçaylı fermerlər son illər rayonda xurma bağlarını xeyli genişləndiriblər. Cari ilin yazında rayonda 12 hektar sahədə yeni xurma bağları salınıb. Hazırda isə daha 10 hektar sahədə yeni bağın salınması üçün işlər görülür. Mütəxəssislər rayonda bu sahənin sürətlə inkişafının səbəbini məhsulun yerli və xarici bazarlara çıxarılması üçün lazımi şəraitin yaradılması və meyvənin saxlanılması üçün Göyçayda soyuducu anbar komplekslərinin fəaliyyət göstərməsi ilə əlaqələndirirlər.