REGİONLAR
Göyçay məktəbliləri 4 gün ərzində Qəbələ, Şəki və Zaqatala rayonları ilə tanışlıq imkanı əldə edəcəklər VİDEO
Göyçay, 23 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün “Ölkəmizi tanıyaq” devizi ilə keçirilən maarifləndirici tur-aksiyaların növbəti mərhələsinə start verilib.
AZƏRTAC xəbər verir ki, tur-aksiya çərçivəsində martın 23-də səhər saat 10:00 radələrində Göyçay rayonundan olan 40 şagird Qəbələ-Şəki-Zaqatala marşrutu üzrə yola salınıb. Rayon icra hakimiyyətinin və təhsil şöbəsi işçilərinin, valideynlərin iştirakı ilə Heydər Əliyev Mərkəzinin qarşısında keçirilən yolasalma mərasimində əvvəlcə müasir Azərbaycan dövlətinin qurucusu və memarı ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Yolasalma mərasimində Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini İkram Vəliyev çıxış edərək Prezident İlham Əliyevin təşəbbüsü ilə keçirilən tur-aksiyaların yeniyetmələrin vətənpərvərlik ruhunda tərbiyəsində, onların Vətənimizin tarixini, maddi-mədəniyyət abidələrini, sosial-iqtisadi həyatını daha dərindən öyrənmələrində xüsusi əhəmiyyət kəsb etdiyini diqqətə çatdırıb.
Valideynlər çıxışlarında şagirdlərin dünyagörüşünün yüksəlməsində, onların azərbaycançılıq ruhunda tərbiyəsində mühüm əhəmiyyət kəsb edən tur-aksiyaların təşkilinə görə dövlətimizin başçısına minnətdarlıq ediblər.
Mərasimdən sonra əllərində üçrəngli Azərbaycan bayrağı olan tur-aksiya iştirakçıları musiqi sədaları altında avtobusla Qəbələ rayonuna yola düşüblər.