REGİONLAR


Göyçay rayon məktəblərinə 65 mindən artıq dərslik paylanılıb

A+ A

Göyçay, 9 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda təhsil işçilərinin ənənəvi sentyabr konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, tədbir iştirakçıları ilk öncə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Konfransda rayon təhsil şöbəsinin müdiri Rəşad Məmmədov çıxış edərək bildirib ki, 2015-2016-cı dərs ilində Göyçay rayonu üzrə 57 ümumtəhsil məktəbində 15378 nəfər şagird təhsilə cəlb olunub. Bu il tam orta təhsili başa vuran gənclərdən 627 nəfəri ali məktəblərə qəbul üçün keçirilən imtahanlarında iştirak edib. Onlardan 334-ü tələbə adını qazanıb. Abituriyentlərdən 26 nəfəri 600-dən, 70 nəfəri isə 500-dən çox bal toplayıb. Tam orta təhsil bazasından isə 82 məzun orta ixtisas məktəblərinə qəbul olunub. Ali məktəblərə qəbulun nəticələrinə görə şəhər 1, 3, 6, 7 saylı, Ləkçiplaq, Alxasava, Qaraxıdır, Mallı-Şıxlı, Kürdəmiş, İnçə, Çərəkə kənd tam orta məktəbləri daha yaxşı nəticələr göstəriblər.

Konfransda müəllim əməyinin qiymətləndirilməsinə də diqqət yetirilib. Prezident İlham Əliyevin Sərəncamı ilə pedaqoqların müxtəlif fəxri adlara, orden və medallara layiq görülməsi Göyçay rayon təhsil işçilərinin fəaliyyətinə verilən yüksək qiymət kimi dəyərləndirilib. Qeyd edilib ki, ötən tədris ilində rayon məktəbliləri respublika səviyyəli bilik yarışlarında, ali məktəblərə keçirilən qəbul imtahanlarında, fənn olimpiadalarında, idman turnirlərində uğurla çıxış ediblər.

Məlumat verilib ki, Göyçay rayonunun orta ümumtəhsil məktəblərində yeni dərs ilinə hazırlıqla əlaqədar işlər davam etdirilir. Hazırda orta məktəblərdə təmir-bərpa işləri görülür, səliqə-sahman yaradılır. Mallı-Şıxlı kənd orta məktəbində əsaslı təmir, Potu, Alıkənd və Hüngütlü kəndlərinin məktəblərində, şəhər 8 və 9 saylı orta məktəblərdə, eləcə də Göyçay rayon Texniki Yaradıcılıq Mərkəzində cari təmir işləri görülür. Həmçinin, bu günlərdə Göyçay rayonunda fəaliyyət göstərən məktəblərin Azərbaycan və rus dili bölmələri üçün 136 adda 65 min 416 ədəd dərslik gətirilərək təhsil ocaqlarına paylanılıb. Məktəblərdə bütün siniflərin şagirdləri dərsliklərlə təmin ediləcək. Yeni tədris metodu olan kurikulumun tətbiqi ilə əlaqədar bu il Göyçayın orta məktəblərinin 9-cu sinif şagirdləri üçün 33 adda 20 min 708 ədəd yeni dərsliklər gətirilib. Bundan əlavə müəllimlər üçün Azərbaycan və rus dillərində 34 adda 3131 ədəd müəllim üçün metodiki vəsait rayona gətirilərək paylanılıb.

Konfransda Təhsil Nazirliyinin nümayəndəsi Dilarə Xudiyeva çıxış edərək Azərbaycanda təhsilin inkişafından, bu sahədə Prezident İlham Əliyevin qarşıya qoyduğu vəzifələrdən, növbəti dərs ilində görüləcək işlərdən danışıb.

Sonda Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə yeni dərs ilinin başlanması münasibətilə pedaqoji ictimaiyyəti təbrik edib, təhsil sahəsində əldə olunan uğurlar və qarşıda duran vəzifələrdən ətraflı söz açıb. İcra hakimiyyətinin başçısı milli təhsilin inkişafına göstərilən dövlət qayğısından və müəllimlərin cəmiyyət qarşısındakı məsuliyyətindən danışıb. Konfransda son dövrlər ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində ölkə başçısı İlham Əliyev tərəfindən qəbul olunmuş Dövlət proqramlarından, xüsusən Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə reallaşan “Yeniləşən Azərbaycana yeni məktəb“ layihələrindən danışılıb.

Yekunda konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.