REGİONLAR
Göyçay sakinləri və əcnəbilər qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı maarifləndirilib
Göyçay, 23 may, Şahnəzər Bəşirov, AZƏRTAC
Dövlət Miqrasiya Xidməti yaradıldığı vaxtdan miqrasiya proseslərinin vahid və çevik prosedurlar əsasında tənzimlənməsi, bu sahədə çətinliklərin tamamilə aradan qaldırılması, sənədləşmənin sadələşdirilməsi, əcnəbilərin və ya vətəndaşlığı olmayan şəxslərin rahatlığının təmin edilməsi, onların hüquqlarının müdafiəsi sahəsində səmərəliliyin artırılması istiqamətində tədbirlər daha da genişləndirilib.
AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 23-də Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin və Göyçay Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə vətəndaşsızlığın aradan qaldırılması, əcnəbi işçi qüvvəsindən istifadə qaydaları, qanunsuz miqrasiyaya qarşı mübarizə ilə bağlı keçirilən maarifləndirmə tədbirində səsləndirilib.
YAP Göyçay rayon təşkilatında keçirilən tədbirdə regionda yaşayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər, o cümlədən rayon ictimaiyyətinin nümayəndələri, aidiyyəti dövlət qurumlarının, ictimai təşkilatların, işəgötürənlərin, sahibkarların, təhsil işçilərinin əməkdaşları iştirak ediblər. Tədbirdə Dövlət Miqrasiya Xidmətinin Ağsu Regional Miqrasiya İdarəsinin nümayəndələri çıxış edərək bildiriblər ki, miqrasiya prosesi qloballaşan dünyanın ayrılmaz hissəsidir. Ölkəmizin geostrateji mövqeyi, respublikamızdakı sabitlik, tolerantlıq, iqtisadi inkişaf Azərbaycanı əcnəbilər üçün cəlbedici edib. Azərbaycan son illər miqrasiya baxımından mənşə ölkəsindən tranzit və təyinat ölkəsinə çevrilib. Qeyd edilib ki, Dövlət Miqrasiya Xidməti Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Bunun nümunəsi kimi regional miqrasiya idarələrində yüksək xidməti şərait yaradılmasını, mobil idarəetmə sisteminin formalaşmasını qeyd etmək olar. Xidmətə müraciət edən insanların məmnunluğunun təmin edilməsi əsas prioritetlərdən hesab olunur.
Tədbirdə idarənin əməkdaşları ölkəmizdə miqrasiya proseslərinin tənzimlənməsi, idarə olunması sahəsində “bir pəncərə” prinsipi üzrə vahid dövlət orqanının səlahiyyətlərini həyata keçirən Dövlət Miqrasiya Xidmətinin əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin olduğu yer üzrə qeydiyyatı, müvəqqəti olma, müvəqqəti və daimi yaşama, iş icazələrinin verilməsi və müddətlərinin uzadılması, vətəndaşlıq məsələləri, vətəndaşlıq mənsubiyyətinin müəyyənləşdirilməsi, qaçqın statusunun müəyyənləşdirilməsi və digər məsələlərlə bağlı xidmətləri barədə geniş məlumat veriblər.
Sonda iştirakçıları maraqlandıran suallar cavablandırılıb.