REGİONLAR
Göyçay şəhər stadionu əsaslı təmirdən sonra istifadəyə verilib
Göyçay, 27 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun əsas futbol stadionu təmir edilərək idmançıların istifadəsinə verilib.
AZƏRTAC xəbər verir ki, stadionun açılış mərasimində rayon ictimaiyyətinin nümayəndələri, veteran və gənc idmançılar iştirak ediblər. Məlumat verilib ki, 1976-cı ildə istifadəyə verilmiş Göyçay şəhər stadionu 40 ildən sonra yenidən əsaslı təmir edilib. Ümumi ərazisi 6 hektar olan stadionda 2500 yerlik oturacaq quraşdırılıb, 10 min kvadratmetr sahəyə asfalt örtüyü vurulub, 220 paqonmetr əraziyə bardür düzülüb, 450 kvadratmetr hasar çəkilib, 380 kvadratmetr sahəyə yaşıl çəmən salınıb. Stadionun giriş qapıları yeni müasir qapılarla əvəzlənib və stadionda monitor quraşdırılıb.
Veteran idmançılardan İntizam Həsənov çıxış edərək Göyçayın idman ənənələrinin olduğunu diqqətə çatdırıb, gənclərin bu sahəyə olan marağının artırılması istiqamətində kompleks tədbirlərin görüldüyünü bildirib. Qeyd edib ki, futbolun inkişafı üçün ölkəmizdə tədbirlər görülür. Futbol ən sevimli idman növlərindən biridir. Biz çox istəyirik ki, uşaqlar, gənclər, yeniyetmələr futbolla məşğul olsunlar. Bunun üçün Göyçayda indi daha yaxşı şərait var. Əsaslı təmirdən sonra istifadəyə verilən stadion rayonda futbolun inkişafına təkan verəcək.
Mərasimdə rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək ümummilli lider Heydər Əliyevin diqqət və qayğısı nəticəsində idman sahəsində sürətli inkişafın baş verdiyini, gənclərimizin vətənpərvərlik ruhunda və sağlam böyüməsi üçün hər bir şəraitin yaradıldığını vurğulayıb. Bildirilib ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin uğurla davam etdirdiyi idman siyasəti nəticəsində bu sahədə maddi-texniki baza getdikcə güclənir, müasir standartlara cavab verən olimpiya idman kompleksləri, stadionlar və digər idman qurğuları inşa edilir. İdmançılarımız Avropa və dünya çempionatlarında, Olimpiya Oyunlarında böyük nəticələr əldə edirlər. Azərbaycan artıq dünyada idman ölkəsi kimi tanınır.
Sonra veteran idmançılara qiymətli hədiyyələr təqdim olunub.
Sonda mərasim iştirakçıları yerli idmançılardan ibarət futbol komandalarının oyununu izləyiblər.