REGİONLAR
Göyçay şəhəri üçün tullantı sularını təmizləyən qurğunun tikintisinə başlanılıb
Bakı, 7 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikası hökuməti və Asiya İnkişaf Bankının birgə maliyyələşdirdiyi “Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın sonuncu mərhələsi çərçivəsində Göyçay şəhəri üçün tullantı sutəmizləyici qurğunun tikintisinə başlanılıb.
“Azərsu” ASC-nin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ASC-nin sifarişi ilə həyata keçirilən layihəyə uyğun olaraq, Göyçay rayonunun Şəhadət kəndi yaxınlığında inşa edilən sutəmizləyici qurğunun məhsuldarlığı sutkada 10 min kubmetrdir. Qurğu 2035-ci ilədək perspektiv inkişaf nəzərə alınmaqla, Göyçay şəhərində 45 min sakinə xidmət göstərərək ekoloji tarazlığın qorunmasına töhfə verəcək.
Layihəyə əsasən, qurğu kompleksində durultma hovuzları, barmaqlıqlar, qumtutucu və yağayırıcı kameralar, bio-fosfor, çökdürücü və təmizlənmiş suyun saxlanılması üçün çənlər, nasos stansiyaları, filtrlər, ultrabənövşəyi dezinfeksiya və digər sistemlər quraşdırılacaq. Qurğu kompleksində inzibatı bina, kompressor, transformator, lilsıxlaşdırma binaları, SCADA otağı və digər yardımçı binaların yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, "Su Təchizatı və Kanalizasiya İnvestisiya Proqramı”nın əvvəlki mərhələlərində Göyçay şəhərində içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması işləri aparılıb. Şəhərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə 7 subartezian quyusu qazılıb, ümumi tutumu 7 min kubmetr olan 5 su anbarı tikilib. Eyni zamanda, 147 kilometr içməli su şəbəkəsi inşa edilib, 9761 ünvana birləşmə verilərək, sayğaclaşdırma işləri aparılıb. Beləliklə, şəhərin bütün əhalisi fasiləsiz içməli su ilə təmin olunub. Layihə çərçivəsində, həmçinin 123 kilometrlik kanalizasiya şəbəkəsi yaradılıb və ünvanlara birləşmələr verilib.
Xatırladaq ki, oktyabrın 6-da Prezident İlham Əliyev Göyçaya səfəri çərçivəsində içməli su təchizatı sistemləri və kanalizasiya şəbəkəsinin istismara verilməsi mərasimində iştirak edib.