REGİONLAR
Göyçay: sənaye məhsulunun 83,4 faizi qeyri-dövlət sektorunun payına düşüb
Göyçay, 19 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu ilin yanvar-sentyabr aylarında Göyçay rayonunda iqtisadiyyatın əsas sahələri üzrə istehsal olunan məhsul və xidmətlərin həcmi 187,7 milyon manat olub. Bu göstərici əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3,9 faiz çoxdur. İstehsal edilən sənaye məhsulunun 83,4 faizi qeyri-dövlət sektorunun payına düşüb. Bütün maliyyə mənbələri hesabına əsas kapitala 19,1 milyon manat investisiya yönəldilib. İnvestisiyaların 80,5 faizi istehsal təyinatlı obyektlərin tikintisinə sərf olunub.
AZƏRTAC xəbər verir ki, bu barədə Göyçay rayonunda doqquz ayın sosial-iqtisadi inkişafının yekunlarına həsr olunan yığıncaqda məlumat verilib.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, hesabat dövründə Göyçayda quruculuq-abadlıq işləri də aparılıb, 971 yeni iş yeri açılıb. Şəhərin 28 ədəd çox mənzilli yaşayış binasında əsaslı təmir işləri görülüb. Heydər Əliyev prospektində, yaşayış məhəllələrində və 10-a yaxın küçədə müasir işıqlandırma sistemi quraşdırılıb, yüksək keyfiyyətli asfalt örtüyü döşənib. Göyçayın Ağdaş və Ağsu istiqamətlərindən giriş hissələri xüsusi layihə əsasında yenidən qurulub. 2500 nəfər tamaşaçı tutumu olan mərkəzi stadion müasir tələblər səviyyəsində əsaslı təmir edilib. Qaraməryəm kəndində yol dairəsi, bayraq meydanı abadlaşdırılıb. Çərəkə və Qaraman yaşayış məntəqələrində Qarabağ müharibəsi əlilləri üçün 2 ev tikilib. Mallı-Şıxlı kənd orta məktəbinin binası yenidən qurulub, 13 kənd qazlaşdırılıb, əhali “mavi yanacaq”la təmin olunub.
Diqqətə çatdırılıb ki, bu il rayonda 37,1 min ton taxıl yığılıb. Hər hektarda məhsuldarlıq 26,7 sentnerə çatdırılıb. Bundan əlavə, 548 ton qarğıdalı, 1871 ton kartof, 23 min 109 ton meyvə tədarük edilib. Uzun fasilədən sonra fermerlər 200 hektar sahədə pambıq əkiblər. Havaların əlverişsiz keçməsinə baxmayaraq, hələlik sahələrdən 85 ton ağ qızıl toplanılıb. Eyni zamanda, kümdarlar bu il ilk dəfə 1139 kiloqram barama yetişdirərək təhvil veriblər.
Hesabat yığıncağında digər sahələrdəki mövcud vəziyyət də ətraflı müzakirə olunub.