CƏMİYYƏT
Göyçay və İsmayıllıda gənclərin yay düşərgəsi təşkil olunub
Göyçay, 30 iyun, Şahnəzər Bəşirov, AZƏRTAC
“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə İsmayıllının Aşıqbayramlı və Göyçayın Yekəxana gölü ətrafında “Yaşıl gələcək üçün yaşıl bacarıqlı olaq!” adlı gənclər üçün yay düşərgəsi təşkil edib.
AZƏRTAC xəbər verir ki, düşərgədə gənclərə “yaşıl iqtisadiyyat”, “yaşıl həyat tərzi”, “yaşıl istehlak”, “sosial məsuliyyət”, “yaşıl təfəkkür” və “yaşıl səriştələr” mövzuları üzrə təlimlər keçirilib. Gənc könüllülərə “yaşıl davranışlar”ı və “yaşıl həyat tərzi”ni təbliğ edən beynəlxalq proqramlar haqqında ətraflı məlumat verilib. Düşərgəyə cəlb olunan təlimçilər gənclərə “yaşıl sahibkarlıq” və “yaşıl bacarıqlar” haqqında təqdimatlar ediblər.
Məlumat verilib ki, layihənin əsas məqsədi gənclərin “yaşıl bacarıq” və səriştələrinin artırılmasına, ətraf mühitə təhlükə yaratmayan peşələrə yiyələnməsinə, həmçinin yaşadıqları icmalarda “yaşıl sahibkarlıq” fəaliyyətlərinin önə çəkilməsinə, onların bu sahədə bilik və bacarıqlarının inkişaf etdirilməsinə kömək etməkdir. Layihə çərçivəsində təşkil olunan fəaliyyətlərdə 50 gənc iştirak edib.
Sonra yay düşərgəsinin iştirakçıları üçün “AzNar” QSC-yə məxsus Yekəxana gölü ətrafında gəzinti təşkil olunub.