REGİONLAR


Göyçay və ətraf rayonlardan olan 47 sahibkara 1,7 milyon manat güzəştli kredit verilib

A+ A

Bakı, 17 noyabr, AZƏRTAC

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondunun noyabrın 17-də Göyçay rayonunun Ləkçıplaq kəndində keçirdiyi işgüzar forum çərçivəsində Göyçay və ətraf rayonlardan olan 47 sahibkara 1,7 milyon manat güzəştli kredit verilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, kreditlər əsasən, heyvandarlıq, quşçuluq, bağçılıq, tara, qənnadı məmulatları və kişmiş, mebel istehsalı və s. sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 100-dən çox yeni iş yerinin açılması mümkün olacaq.

Səksənə yaxın sahibkarın iştirak etdiyi forum çərçivəsində Göyçay rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan ixtisaslaşdırılmış “yaşıl market”in, müasir heyvandarlıq kompleksinin, intensiv bağçılıq, cins heyvandarlıq və istixana təsərrüfatlarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, kiçikhəcmli investisiya layihələrinin ümumi dəyərinin bütünlüklə dövlətin güzəştli kreditləri hesabına maliyyələşdiriləcəyi bildirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanıb.

Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev bildirib ki, bu ilin ötən dövrü ərzində 2145 sahibkara 135,8 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 6400-ə yaxın yeni iş yerinin yaradılmasına imkan verir. Qeyd edilib ki, ümumilikdə, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 12700-ə yaxın investisiya layihəsinin maliyyələşdirilməsinə 496,4 milyon manat güzəştli kredit verilib.

Forum çərçivəsində Göyçayın Şəhadət kəndində güzəştli kredit ayrılmış 2 min tonluq logistik mərkəzin fəaliyyətinə və Yalman kəndində logistik mərkəzdə aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib. Ümumilikdə, indiyədək tutumu 333,4 min ton olan 51 logistik mərkəzin yaradılmasına 162,6 milyon manat güzəştli kredit verilib. Artıq tutumu 294 min ton olan 45 logistik mərkəz istifadəyə verilib. Bu mərkəzlər əhalinin ilboyu keyfiyyətli yerli məhsullarla təminatında, istehsal olunan meyvə-tərəvəzin tədarükü, saxlanması və satışı məsələlərinin həllində mühüm rol oynayır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.