REGİONLAR
Göyçayda 21 abituriyent qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb
Göyçay, 28 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu il Göyçay rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Göyçayın ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 1081-i tam orta təhsil kursu üzrə attestat alıb. Göyçaylı məzunlardan 619 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında iştirak edib. Ali məktəblərə daxil olan abituriyentlərdən 21-i 600-dən yuxarı, 68-i isə 500-dən yuxarı bal toplayıb. Bu nailiyyət Göyçayın təhsili tarixində indiyədək əldə olunan ən yüksək göstərici hesab olunur. Məlumata görə, ötən illə müqayisədə builki abituriyentlər daha yüksək nəticələr əldə ediblər. Belə ki, keçən il tələbə adını qazanan abituriyentlərdən 12-i 600-dən yuxarı bal toplamışdı.
Xatırladaq ki, bu il rayonun İnçə kənd orta məktəbinin məzunu Ziyafəddin Quliyev qəbul imtahanlarında rayon abituriyentləri arasında ən yüksək nəticəni əldə edib. O, 680 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub.