REGİONLAR
Göyçayda 26 abituriyent qəbul imtahanlarında 600-dən yuxarı bal toplayıb
Göyçay, 20 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Bu il Göyçay rayonunun orta ümumtəhsil məktəblərini bitirən məzunlar ali məktəblərə keçirilən qəbul imtahanlarında yüksək nəticələr əldə ediblər.
Rayon təhsil şöbəsindən AZƏRTAC-a bildiriblər ki, cari ildə Göyçayın ümumtəhsil məktəblərinin buraxılış imtahanlarında müvəffəqiyyət qazanan məzunlardan 1055 nəfəri tam orta təhsil kursu üzrə attestat alıb. Göyçaylı məzunlardan 354 nəfəri ali məktəblərə keçirilən qəbul imtahanlarında uğurla iştirak edərək tələbə adını qazanıblar.
Ali məktəblərə daxil olan abituriyentlərdən 70 nəfər 500-dən, 26 nəfər 600-dən yuxarı bal toplayıb. Bu nailiyyət Göyçayın təhsili tarixində indiyədək ən yüksək göstərici hesab olunur. Keçən il rayonda cəmi 308 abituriyent tələbə adını qazanmışdı ki, onlardan 23 nəfəri 600-dən yuxarı bal toplamışdı.
Qeyd edək ki, builki imtahanlarda rayonun məzunları arasında ən yüksək nəticəni Ləkçiplaq kənd 1 saylı orta məktəbin məzunu Əhmədova Nigar Əhməd qızı əldə edib. O, imtahanlarda 690 bal toplayaraq Bakı Ali Neft Məktəbinə daxil olub. Həmçinin Göyçay şəhər 3 saylı orta məktəbin məzunu Şəhanə Həmidova 675 balla Bakı Ali Neft Məktəbinə, Çərəkə kənd 1 saylı orta məktəbin məzunu Məhəmməd Piriyev 666 balla Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasına daxil olub.