REGİONLAR
Göyçayda 400 nəfər üçün iftar süfrəsi açılıb
Göyçay, 7 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunun müxtəlif yaşayış məntəqələrində iftar məclisləri təşkil olunub.
AZƏRTAC xəbər verir ki, Göyçay şəhərindəki mərkəzi məsciddə və Qaraman kəndindəki Hacı Rəhim Əfəndi məscidində keçirilən iftar məclislərində 400 nəfər oruc tutan şəxs iştirak edib. Dindarlarla yanaşı, imkansız şəxslərin, qocaların, şəhid ailələri üzvlərinin, veteranların, məcburi köçkünlərin, kimsəsizlərin də iştirak etdikləri iftar mərasimlərində süfrələrə Azərbaycanın ləziz milli yeməkləri və şirniyyatlar düzülüb. İftar süfrəsi ətrafında on bir ayın sultanı olan Ramazanın fəzilətlərindən danışılıb, bu ayda görülməsi vacib olan xeyirxah əməllərdən, savab işlərdən söz açılıb, şəhidlərimizin ruhuna dualar oxunub.
Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) prezidenti, Milli Məclisin deputatı Elxan Süleymanovun təşkil etdiyi iftar mərasimlərində müqəddəs “Qurani-Kərim”dən ayələr oxunub, növbəti Ramazan bayramının Qarabağ torpaqlarında keçirilməsi niyyət edilib.