REGİONLAR
Göyçayda 50 min tut tingi əkilib
Göyçay, 6 dekabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Ölkəmizdə baramaçılığın inkişaf etdirilməsi üçün yeni intensiv tipli tut bağlarının salınması məqsədi ilə Çindən Azərbaycana gətirilən tut tinglərinin 40 mini bölgü əsasında Göyçay rayonuna göndərilib.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, Göyçaya gətirilən tinglərin vaxtında əkilməsi üçün kənd sakinlərinin iştirakı ilə kütləvi iməciliklər təşkil edilib. Üç kəndin ərazisində bələdiyyə və xüsusi mülkiyyətə aid boş torpaq sahələri ayrılıb və tinglərin iki gün ərzində əkilməsi təmin olunub. Rayonun Mallı-Şıxlı kəndində 2 hektar, Ləkçıplaq və Alpout kəndlərinin hər birində isə bir hektar tut bağı salınıb. Hər hektar əraziyə 10 min ədəd tut tingi əkilib.
Göyçayda baramaçılığın yem bazasının möhkəmləndirilməsi məqsədilə rayon sakinlərinin təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə son bir ay ərzində daha 24 kənddə 12 hektar sahədə yeni tut bağı salınıb. Həmin bağlara ümumilikdə 10 min yerli tut tingi əkilib.
Çindən gətirilən tut tingləri gələcəkdə hündür və iri gövdəli ağaclar olmayacaq və ona görə də onlar bir-birinə yaxın məsafədə əkilir. Lakin yerli tut ağaclarının çox böyük olacağı nəzərə alınaraq onlar bir-birindən aralı əkilir. Ona görə də yerli tut tinglərindən ibarət salınan bağların hər hektarına 800 ağac əkilib. Hazırda bu istiqamətdə işlər davam etdirilir. Yaxın günlərdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin köməyi ilə Göyçaya daha 5 min tut tingi gətiriləcək. Ağacların fərdi təsərrüfat sahələrində, eləcə də Göyçay-Qaraməryəm-Ağsu, Göyçay-Ağdaş, Göyçay-Ucar avtomobil yollarının kənarında əkilməsi nəzərdə tutulur.
Bu il Göyçayda baramaçılıqla məşğul olan kümdarlar şəxsi təsərrüfatlarında mövcud olan 4615 tut ağacı hesabına 1200 kiloqram barama istehsal ediblər. Hazırda yeni salınan tut bağları hesabına gələn il Göyçayda 3 ton barama istehsalı gözlənilir.