REGİONLAR


Göyçayda Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfrans keçirilib

Göyçay, 8 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC

Görkəmli dövlət və elm xadimi Əziz Əliyevin həyat yolu hər bir mərhələdə elmi, pedaqoji, ictimai və dövlət fəaliyyəti sahələri ilə zəngin olub. Əziz Əliyev müxtəlif məsul vəzifələrdə çalışaraq dövlət idarəçiliyinin təkmilləşdirilməsində səmərəli fəaliyyət göstərib, respublikada səhiyyə sisteminin və tibb təhsilinin formalaşdırılmasına layiqli töhfələr verib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Göyçay Rayon Mərkəzi Xəstəxanasının təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində təşkil edilən tədbirdə səsləndirilib. Əziz Əliyevin 120 illik yubileyinə həsr olunan konfransda rayon icra hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova, rayon mərkəzi xəstəxanasının baş həkimi Elçin Bilalov çıxış edərək görkəmli elm adamının ömür yolundan və Azərbaycanda səhiyyənin inkişafındakı xidmətlərindən danışıblar. Onlar bu yubileyin yüksək səviyyədə keçirilməsi barədə Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamı tədbir iştirakçılarının diqqətinə çatdırıblar.

Qeyd olunub ki, Əziz Əliyev İkinci Dünya müharibəsi illərində Azərbaycanda səhiyyənin təşkili məsələsinə xüsusi diqqət yetirib, bu sahədə problemlərin aradan qaldırılması üçün əməli tədbirlər görüb. O, sonrakı illərdə Azərbaycan Dövlət Tibb İnstitutunun rektoru, Azərbaycan SSR Elmi-Tədqiqat Ortopediya və Bərpa Cərrahlığı İnstitutunun direktoru, həmçinin Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifələrində işləyib. Əziz Əliyev bu xidmətləri ilə yanaşı, həm də gözəl ailə başçısı olub.

Konfransda Əziz Əliyevin Azərbaycan səhiyyəsinin və tibb elminin inkişafında xidmətləri, ictimai-siyasi və dövlətçilik fəaliyyəti və digər mövzularda məruzələr dinlənilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.