REGİONLAR


Göyçayda Dövlət Bayrağı Günü böyük coşğu ilə qeyd olunub

A+ A

Göyçay, 10 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

9 noyabr - Dövlət Bayrağı Günü Göyçay rayonunda xüsusi coşğu ilə qeyd edilib.

AZƏRTAC xəbər verir ki, Dövlət Bayrağı Meydanında təşkil olunan tədbirin iştirakçıları - rayon icra hakimiyyətinin, idarə və təşkilatların rəhbər şəxsləri, ictimaiyyət nümayəndələri bu günü əsl bayram kimi qeyd ediblər.

Tədbir iştirakçıları əvvəlcə ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər. Sonra Azərbaycanın dövlət himni səsləndirilib.

Tədbirdə çıxış edən Göyçay rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, üçrəngli bayrağımız 1918-ci ildə Azərbaycan səmasında 18 ay dalğalanıb. 1991-ci ildə Azərbaycan ikinci dəfə müstəqillik əldə etdikdən sonra digər atributlarımız kimi, dövlət bayrağımız da bərpa olunub.

Vurğulanıb ki, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisində Azərbaycan Xalq Cümhuriyyətinin bayrağı qaldırılıb. Prezident İlham Əliyevin bayrağımızın uca tutulması istiqamətində həyata keçirdiyi tədbirlərdən danışan Mehdi Səlimzadə qeyd edib ki, dünyada ən hündür bayraq dirəyi məhz Azərbaycanda - Bakıda ucaldılıb, Dövlət Bayrağı Muzeyi yaradılıb.

Meydana toplaşanlar burada dalğalanan və müstəqilliyimizin əsas atributlarından olan üçrəngli Azərbaycan bayrağını qürur və sevinc hissi ilə seyr ediblər.

Daha sonra rayon ziyalıları çıxış edərək Prezident İlham Əliyevin dövlətçiliyimizin möhkəmləndirilməsi istiqamətində gördüyü işlərdən söz açıblar.

Çıxışlardan sonra gənclər Azərbaycan bayrağını çiyinlərində tutaraq marş sədaları altında mətin addımlarla tədbir iştirakçılarının qarşısından keçiblər.

Sonra müxtəlif idman yarışlarında fərqlənən rayon idmançıları mükafatlandırılıb.

Mərasimdə məktəblilər şeir və mahnılar səsləndiriblər. Rayonun musiqi kollektivləri Vətənə, müstəqilliyə həsr olunan xüsusi proqramla tədbir iştirakçıları qarşısında çıxış ediblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.