REGİONLAR
Göyçayda KİV nümayəndələri ilə görüş keçirilib
Göyçay, 22 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
İyulun 21-də milli mətbuatımızın yaradılmasının 142 illiyi münasibətilə Göyçay rayon Heydər Əliyev Mərkəzində jurnalistlərlə görüş təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyəti başçısının müavinləri, İkram Vəliyev və Rəxşəndə Rəcəbova, YAP rayon təşkilatının sədri Sahib Şükürov, “Göyçay” qəzetinin redaktoru Abdulla Əliyev və başqaları çıxış edərək jurnalistləri peşə bayramı münasibətilə təbrik edib, onlara uğurlar arzulayıblar.
Görüşdə milli mətbuatımızın yaranma tarixindən, keçdiyi inkişaf yolundan, qazandığı nailiyyətlərdən söz açılıb. Bildirilib ki, əsas məqsədi Azərbaycan cəmiyyətini maarifləndirmək, xalqın milli özünüdərk prosesinə təkan vermək olan “Əkinçi” qəzeti öz fəaliyyəti dövründə milli şüurun formalaşmasında mühüm rol oynayıb.
Qeyd edilib ki, keşməkeşli inkişaf yolu keçən Azərbaycan mətbuatı ümummilli liderimiz Heydər Əliyevin qayğısını həmişə hiss edib. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan mətbuatı özünün yeni inkişaf dövrünü yaşayır. Azərbaycanda mətbuat üzərində hər hansı bir dövlət nəzarəti mexanizmi yoxdur. Mətbuat tam sərbəst, müstəqil şəraitdə öz fəaliyyətini qurub və bu prinsiplərlə də inkişaf edir.
Mətbuat nümayəndələri çıxışlarında hər bir jurnalistin, ilk növbədə, vətənpərvər olmasının vacibliyini önə çəkiblər. Jurnalistlər Azərbaycan mətbuatının 142 illik şanlı yoluna nəzər salıb, ümummilli lider Heydər Əliyevin və onun siyasi xəttini uğurla davam etdirən Prezident İlham Əliyevin ölkədə KİV-in inkişafına daim diqqət və qayğı göstərməsindən bəhs ediblər.
Sonda ölkəmizdə fəaliyyət göstərən televiziyaların, informasiya agentliklərinin və qəzetlərin Göyçaydakı bölgə müxbirlərinə və yerli mətbuatın nümayəndələrinə hədiyyələr təqdim olunub.