QAN YADDAŞI
Göyçayda Xocalı faciəsinin qurbanları anılıb
Göyçay, 26 fevral, Şahnəzər Bəşirov, AZƏRTAC
Xocalı faciəsinin 25–ci ildönümü ilə bağlı rayon mədəniyyət evində mərasim təşkil edilib. Göyçayda məskunlaşan Xocalı sakinlərinin, rayon icra hakimiyyətinin, idarə və təşkilat kollektivlərinin, müəllim və şagirdlərin, gənclərin iştirakı ilə keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Anım mərasimində çıxış edən rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə, YAP rayon təşkilatının sədri Sahib Şükürov, rayon təhsil şöbəsinin müdiri Elnur İsmayılov Xocalı faciəsi və azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti haqqında məlumat veriblər. Bildirilib ki, son illər Azərbaycan hökuməti Xocalı faciəsi barədə həqiqətlərin dünya miqyasında tanınması və obyektiv qiymət alması istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Artıq bir çox ölkələrdə bu istiqamətdə böyük nəticələr əldə olunub. Natiqlər Xocalı soyqırımının bütün dünyada tanınacağına və bununla bağlı ədalətli qərar veriləcəyinə əminliklərini ifadə ediblər.
Xocalı sakini Rəhman Əhmədov, Şuşa sakini Səməd Həsənov çıxış edərək ermənilərin xalqımıza qarşı zaman-zaman törətdikləri soyqırımdan söz açıblar. Qeyd edilib ki, 25 il əvvəl fevralın 25-dən 26-na keçən gecə ermənilər keçmiş sovet ordusunun 366-cı motoatıcı alayının əsgərlərinin və texnikasının köməyi ilə Xocalı şəhərini yerlə-yeksan edərək dinc sakinlərə qarşı dünyanın gözü qarşısında insanlığa sığmayan vəhşilik törədiblər. Tədbirdə yüzlərlə insanın amansızlıqla qətlə yetirildiyi ürəkağrısı ilə yada salınıb, beynəlxalq ictimaiyyətdən Xocalı soyqırımına hüquqi və siyasi qiymətin verilməsi tələb edilib.
Toplantıda vurğulanıb ki, bu gün dünyanın 40-dan çox ölkəsində Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirilir, faciə qurbanlarının xatirəsi yad edilir. Xocalı sakinləri bu gün Azərbaycanın 50 rayonunda məskunlaşıb. Öz doğma yurd-yuvalarına qayıdacaqları günü səbirsizliklə gözlədiklərini bildirən Xocalı sakinləri digər məcburi köçkünlərə də səbir və qətiyyət diləyiblər.
Sonra rayon mədəniyyət evinin kollektivi və gənclərin iştirakı ilə “Xocalı fəryadı” adlı ədəbi-bədii kompozisiya nümayiş olunub, o qanlı hadisələri əks etdirən film göstərilib. Tədbir iştirakçıları Xocalı soyqırımına həsr edilən kitab sərgisinə baxıblar. Sonra rayon icra hakimiyyətinin təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan süfrəsi açılıb, Xocalı sakinlərinə maddi yardım göstərilib.