REGİONLAR
Göyçayda Yeniyetmələrin İkinci Yay Olimpiya Oyunlarının gümüş medalçısı ilə görüş olub
Cabbar Nəcəfov avqust ayında Çinin Nancinq şəhərində keçirilən Olimpiya Oyunlarının finalında Özbəkistan idmançısına xal hesabı ilə uduzaraq gümüş medala layiq görülüb.
AZƏRTAC xəbər verir ki, Göyçay Rayon İcra Hakimiyyətində Yeniyetmələrin İkinci Yay Olimpiya Oyunlarının gümüş medalçısı Cabbar Nəcəfov və onun məşqçisi Namət Şirinov ilə görüş keçirilib.
Tədbirdə Azərbaycanda idmana göstərilən dövlət qayğısından, idmanın maddi-texniki bazasının ildən-ilə möhkəmləndirilməsindən və bunun nəticəsində əldə edilən nailiyyətlərdən danışılıb.
Görüşdə idmançıya və onun məşqçisinə rayon icra hakimiyyətinin fəxri fərmanı və mükafatı təqdim olunub.
Xatırladaq ki, sentyabrın 1-də Prezident İlham Əliyev Çinin Nancinq şəhərində keçirilən Yeniyetmələrin II Yay Olimpiya Oyunlarında iştirak edən milli komandamızın üzvlərini, o cümlədən gümüş medalın sahibi Cabbar Nəcəfovu qəbul edərək onları təbrik edib, idmançılara daha böyük uğurlar arzulayıb.