REGİONLAR


Göyçayda altı yaşayış məntəqəsini birləşdirən avtomobil yolu tikilir

Göyçay, 25 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidənqurma işləri uğurla davam etdirilir.

AZƏRTAC xəbər verir ki, “Azəravtoyol” ASC tərəfindən dördüncü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 17 kilometrdir. Yolda söküntü və torpaq işləri görülüb, yol yatağı və əsası inşa edilib. Torpaq işləri bitdikdən sonra yola ikiqat asfalt-beton örtüyünün döşənməsinə start verilib.

Hazırda Bığır kəndi ərazisində yolun birinci asfalt qatının vurulması işləri davam etdirilir. Ümumi qalınlığı 12 santimetr olmaqla yolun 100 min kvadratmetrdən çox hissəsinin asfaltlanması nəzərdə tutulub. Yeni salınan yol 2 hərəkət zolağından ibarətdir. Yolda hərəkət hissəsinin eni 6 metr, hər bir istiqamət üzrə yolun çiyinlərinin eni isə 2 metr təşkil edir. Bu yol yenidənqurma işləri zamanı 6-7 metrdən 10 metrə qədər genişləndirilib.

Layihə çərçivəsində suların ötürülməsi üçün 55 yerdə müxtəlif diametrli suötürücü borular quraşdırılır, mövcud avtomobil körpüsü isə əsaslı şəkildə bərpa edilir. Hazırda yolun başlanğıc yerində, Bakı-Şamaxı-Yevlax avtomobil yolunun kənarında, Bığır kəndinin giriş hissəsində müasir giriş qapısı inşa edilir. Yolda tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri yerlərdə 37 yol nişanı qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq.

Qeyd edək ki, Göyçay rayonu Bığır-Cırqurd-Şəkər-Veysəlli-Alıkənd-Mırtı avtomobil yolunun yenidən qurulması altı yaşayış məntəqəsinin sakinlərinin Bakı-Şamaxı-Yevlax avtomobil yoluna rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşımasını xeyli asanlaşdıracaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.