REGİONLAR


Göyçayda baramaçılıq sahəsində mövcud çətinliklər tezliklə aradan qaldırılacaq

Göyçay, 10 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçayın bir çox kəndlərində ipəkqurdlarının saxlanılması üçün yerlərin müəyyən edilməsində, kümxanalarda temperatur rejiminə əməl edilməsində, qurdların yemlənməsində zootexniki qaydalara tam əməl olunmayıb, bir çox hallarda barama toxumlarının yetişdirilməsində bu sahədə səriştəsi olmayan şəxslər iştirak edib. Bütün bunların nəticəsində ipəkqurdları arasında müxtəlif yaş dövrlərində itkilər olub, nəticədə bir neçə kümçü nəzərdə tutulduğundan xeyli az məhsul istehsal edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin avqustun 4-də Qax rayonunda barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsindəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı Göyçay rayonunda keçirilən yığıncaqda səsləndirilib.

Yığıncaqda xidməti və inzibati orqanların rəhbərləri, rayon icra hakimiyyəti başçısının şəhər və kənd inzibati ərazi dairələri üzrə nümayəndələri, yerli bələdiyyə sədrləri, rayon ictimaiyyətinin nümayəndələri, ağsaqqallar iştirak ediblər.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə çıxış edərək, Prezident İlham Əliyev tərəfindən imzalanmış çoxsaylı sosial-iqtisadi inkişafla bağlı dövlət proqramlarından, aqrar sahənin orta və uzunmüddətli inkişaf strategiyasından irəli gələn vəzifələrin icrasından bəhs edib, kənd təsərrüfatı məhsullarının istehsalından əldə olunan gəlirlərin istehsalçıların rifah halının yaxşılaşdırılmasına öz töhvəsini verdiyini vurğulayıb.

Yığıncaqda çıxış edən Göyçay rayon Kənd Təsərrüfatı İdarəsinin rəisi Elçin İsmayılov bildirib ki, baramaçılıq sahəsinin inkişaf etdirilməsi, rayonun əvvəlki illərdəki şöhrətinin qaytarılması istiqamətində müvafiq iş aparılır. Ötən il rayonda 70 min ədəd, o cümlədən Çin Xalq Respublikasından gətirilən 40 min ədəd, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə 30 min ədəd yerli tut tingi əkilib. Tut tinglərinə lazımi aqrotexniki qulluq göstərilir və onların qorunması təmin olunur. Cari ildə 44 kümçüyə 1900 qram ipəkqurdu verilib, 5293 kiloqram barama tədarük edilib. Barama tədarükünün həcmi ötən ilə nisbətən 4,6 dəfə çox olub.

Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə ipəkqurdlarının becərilməsində ötən dövrdə nöqsan və çatışmazlıqlara da yol verildiyini, mövcud imkanlardan bəzi hallarda səmərəli istifadə olunmadığını diqqətə çatdırıb. Bildirib ki, ipəkqurdlarının rayona gətirilməsi zamanı keyfiyyətinə və çəkisinə xüsusi nəzarət təmin olunmalı, ipəkqurdlarının bəslənilməsi üçün yerlərin seçilməsinə xüsusi diqqət yetirilməli və bu işdə səriştəsi olan kənd sakinlərinə verilməli, həmçinin barama qəbulu məntəqəsinin inşa edilməsi üçün müvafiq torpaq sahəsi seçilməlidir. Həmçinin yığıncaqda yeni tut ağaclarının əkilməsi və becərilməsi üçün tədbirlərin görülməsindən, mövcud tut ağaclarının keyfiyyətli, aqrotexniki qaydalara uyğun budanmasından və ipəkqurdları bəslənərkən onların ciddi mühafizəsinin təşkil olunmasından danışılıb və müvafiq şəxslərə tapşırıqlar verilib.

M.Səlimzadə bildirib ki, növbəti dövrdə rayon zəhmətkeşləri, kənd təsərrüfatı işçiləri bütün qüvvə, imkan və bacarıqlarını səfərbər etməli, dövlət başçısının verdiyi tapşırıqları vaxtında və məsuliyyəti artırmaqla barama tədarükü ilə bağlı qarşıda duran öhdəlikləri layiqincə yerinə yetirməlidir. Bununla yanaşı, hazırda rayonda 400 hektar sahədə qarğıdalı yetişdirildiyi, yüksək məhsuldarlıq əldə olunduğu və bu sahələrin mühafizəsinin yüksək səviyyədə təşkil edilməsinin vacibliyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu il rayonda ilk dəfə olaraq soya və çəltik əkini də aparılıb. Taxıl zəmilərindən 41 min 220 ton, yəni hər hektardan 28,2 sentner taxıl yığılıb.

Sonda rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə növbəti ildə yüksək nəticə əldə edilməsi məqsədi ilə mütəxəssislərdən ibarət xüsusi komissiya yaradılması haqqında və növbəti mövsümədək bu sahədə olan çətinliklərin tezliklə aradan qaldırılması istiqamətində müvafiq tapşırıqlar verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.