REGİONLAR
Göyçayda bədii gimnastikanın inkişafı istiqamətində görülən işlər öz bəhrəsini verir
Göyçay, 17 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda bədii gimnastikanın inkişafı daim diqqət mərkəzindədir. Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə Göyçay Olimpiya İdman Kompleksində yaradılan bədii gimnastika bölməsinə müraciət edənlərin sayı xeyli artıb.
AZƏRTAC xəbər verir ki, rayonda bədii gimnastikanın təbliği üçün geniş işlər görülür. Bununla bağlı uşaq bağçalarında və orta məktəblərdə azyaşlı uşaqlar və onların valideynləri ilə görüşlər keçirilir. Kompleksin 3-12 yaşlı qızlardan ibarət komandası yaradılıb. Ödənişsiz keçirilən məşqlərə hazırda 30 uşaq cəlb edilib. Üç il əvvəl kompleksdə gimnastika bölməsi açılanda məşqlərə cəmi 10 uşaq qatılmışdı. Gələcəkdə gimnastika ilə məşğul olan uşaqların sayının daha da artırılması nəzərdə tutulur. Uşaqlarla hazırlığı Federasiyanın təyin etdiyi gimnast müəllim Sultanə İbrahimzadə aparır.
Azərbaycan Gimnastika Federasiyasının dəstəyi ilə açılan bölmədə uşaqların məşq etməsi üçün yüksək şərait yaradılıb. Sultanə müəllimənin zəhməti hədər getməyib və gimnastika bölməsinin yetirmələri arasında artıq respublika yarışlarında uğur əldə edənlər də var. Belə ki, Göyçayın Çayarxı kənd kənd sakini, şəhər 3 saylı orta məktəbin ikinci sinif şagirdi Azərin Hacızadə bu günlərdə Kürdəmir rayonunda bədii gimnastika üzrə respublika səviyyəli turnirin qalibi olub. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 25 illiyi münasibətilə təşkil olunan “Kürdəmir kuboku” yarışında 14 şəhər və rayondan 6-15 yaşlarında yüzədək idmançı bacarığını nümayiş etdirib. Birincilikdə Göyçay gimnastika bölməsinin 3 yetirməsi iştirak edib və onların hər biri mükafat qazanıb. Üç ildir gimnastika ilə məşğul olan 8 yaşlı A.Hacızadə 2005-2011-ci il təvəllüdlü gimnastların yarışında alətsiz, ip, halqa, top, gürz və lentlə hərəkətlərdə uğurla çıxış edərək rəqiblərindən üstün olub və qızıl medal qazanıb. Göyçaylı gimnastlardan Xalidə Əhmədova və Selcan Kərimova ikinci yeri tutublar.
Son illər Göyçayda yeniyetmə və gənclərin ən çox üz tutduğu məkana çevrilən bu idman bazasında Olimpiya idman növlərindən güləş, cüdo, taekvondo, bədii gimnastika üzrə ödənişsiz, qeyri-Olimpiya idman növlərindən karate, kapoero, kikboksinq, sambo, universal döyüş, aikido, futbol, voleybol, üzgüçülük, tennis, bilyard üzrə ödənişli məşqlər keçirilir. Hazırda kompleksdə 700-ə yaxın yeniyetmə və gənc idmanla mütəmadi qaydada məşğul olur.