İDMAN
Göyçayda çoxmübarizəli döyüş idman növləri üzrə VII ölkə çempionatı keçirilmişdir VİDEO
Göyçay, 24 mart (AZƏRTAC). Gənclər və İdman Nazirliyinin təqvim planına uyğun olaraq, Göyçay Olimpiya İdman Kompleksində gənclər və yeniyetmələr arasında çoxmübarizəli döyüş idmanı üzrə VII ölkə çempionatı keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, çempionatın açılış mərasimində dövlət himni səsləndirilmişdir.
Tədbirdə Azərbaycan Çoxmübarizəli Döyüş İdman Növləri Federasiyasının prezidenti, əməkdar məşqçi Vüqar Muradov, rayon gənclər və idman idarəsinin rəisi Elşən Şirinov çıxış edərək ölkəmizdə idmana göstərilən dövlət qayğısından, qazanılan uğurlardan, bu il daha çox nailiyyətlərin əldə edilməsi üçün qarşıda duran vəzifələrdən danışmışlar. Bildirilmişdir ki, Azərbaycan idmançıları hər il çoxmübarizəli döyüş idman növləri üzrə Avropa və dünya çempionatlarından Vətənə medallar gətirirlər. Son 4 ildə bu idman növü üzrə dünya və Avropa çempionu titulunu qazanmış 6 idmançı imtahan vermədən birbaşa Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına daxil olmuşdur. Hazırda ölkəmizin 45 şəhər və rayonunda çoxmübarizəli döyüş idman növləri üzrə klublar fəaliyyət göstərir və ümumilikdə 5 mindən çox yeniyetmə və gənc bu idman növü ilə müntəzəm məşğul olur. “AzNar” QSC-nin sponsorluğu ilə keçirilən yarışda 22 şəhər və rayondan 220 idmançı 8 yaş qrupu üzrə 27 çəki dərəcəsində mübarizə aparmışlar.
Çempionatda ilk üç yeri tutan idmançılara diplom və medallar verilmişdir.