REGİONLAR
Göyçayda gənclərə nar bağlarına qulluq metodları öyrədilib
Göyçay, 27 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
"Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) dəstəyi ilə həyata keçirdiyi "Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” layihəsinin icrasını uğurla başa çatdırıb.
AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində gənclərin maarifləndirilməsi üçün Göyçay Regional Peşə Tədrisi Mərkəzində təlimlər təşkil edilib və onların biliklərinin artırılması üçün rayonda fəaliyyət göstərən istehsal müəssisələrinə təcrübə səfərləri təşkil olunub.
Oktyabrın 26-da “AzNar” QSC-nin meyvə şirəsi emalı müəssisəsi ilə tanışlıq zamanı gənclər zavodun fəaliyyəti, nar və digər meyvələrin qəbulu, meyvə şirələrinin hazırlanması, qablaşdırılması, laboratoriya analizlərinin aparılması prosesi, istehsal edilən məhsulların çeşidi ilə tanış olublar.
Sonra zavod rəhbərliyinin iştirakı ilə keçirilən “dəyirmi masa”da çıxış edən "Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyinin sədri Əzizağa Atakişiyev bildirib ki, layihənin məqsədi nar məhsulu istehsalçılarının səciyyəvi ehtiyaclarını müəyyənləşdirmək və nar bağlarının aqronomik qaydada düzgün idarəedilməsi üçün seçilən 30 gəncin bilik və bacarıqlarını daha da artırmaqdır.
Gənclərin təlimlər zamanı kəndlərə səfərləri təşkil edilib və onlara mütəxəssislər tərəfindən nar bağlarına qulluğun metodları öyrədilib.
Tədbirdə 3 ay ərzində həyata keçirilən layihə və təlim mövzuları haqqında məlumat verilib.
“AzNar” QSC-nin baş direktoru Teymur Əhmədov Göyçay və region üçün spesifik olan nar meyvəsinin effektiv becərilməsində ixtisaslı və bilikli kadrlara ehtiyac olduğunu qeyd edib.
Tədbir iştirakçılarına layihə çərçivəsində nəşr olunan təlim modulu, buklet və posterlər təqdim olunub.