REGİONLAR
Göyçayda ilk dəfə soya, dən qarğıdalı və çəltik əkiləcək
Göyçay, 29 mart, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda yazlıq bitkilərin əkini üçün görülən hazırlıq işləri başa çatmaq üzrədir.
Rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, kəndlərdə əkin üçün yararlı torpaq sahələri seçilib, mütəxəssislər sahələrə baxış keçirib, şum çıxarılıb və arat işləri aparılıb. Hazırda səpinqabağı mala çəkilməsi işləri davam etdirilir. Hava şəraiti imkan verərsə gələn həftə rayonda çəltik, soya və dən qarğıdalı bitkilərinin əkininə başlanılacaq. Bu məqsədlə toxum tədarük olunub və kəndlərdə 1000 hektara yaxın torpaq sahəsi ayrılaraq şum çıxarılıb. Əkinlərin suvarılması və torpağın şor sulardan təmizlənməsi üçün lazımi tədbirlər görülüb.
Qeyd edək ki, bu il rayonda ilk dəfə olaraq soya bitkisinin əkini həyata keçiriləcək. Ötən il Göyçayda 25 hektar çəltik və 350 hektar dən qarğıdalı əkilmişdisə, cari ildə bu bitkilərin iki dəfə çox sahədə əkini aparılacaq.