REGİONLAR
Göyçayda imtahanlar başa çatıb
Göyçay, 5 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
İyulun 5-də Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Göyçay rayonunda növbəti imtahanlar keçirib.
TQDK-nın Göyçay regional bölməsindən AZƏRTAC-a bildiriblər ki, imtahanlar Göyçay şəhərində 4 mərkəzdə təşkil olunub. Göyçay Dövlət İdarəetmə və Texnologiya Kollecində, şəhər 1, 6 və 7 saylı orta məktəblərdə keçirilən bu imtahanlarda ali təhsil müəssisələrinin V ixtisas qrupuna (xüsusi qabiliyyət tələb edən ixtisaslara), habelə tam (11 illik) və ümumi (9 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə (kolleclərə) sənəd vermiş əvvəlki illərin məzunları, eksternat qaydasında attestasiyada iştirak etmək üçün qeydiyyatdan keçmiş və üzrlü səbəbdən buraxılış imtahanlarında iştirak edə bilməmiş cari ilin məzunu olan IX və XI sinif şagirdləri, ümumilikdə 1707 nəfər iştirak edib.
İmtahanların idarə olunmasına 13 imtahan rəhbəri və 150 nəzarətçi-müəllim ayrılıb. TQDK-nin Göyçay regional bölməsinin əhatə etdiyi 6 rayondan - Göyçay, Ucar, Ağdaş, Kürdəmir, Ağsu, İsmayıllıdan olan şagird və abituriyentlər üçün imtahanlar nəzərdə tutulan qaydalara uyğun başlayıb, imtahan mərkəzlərində abituriyentlərin sərbəst şəkildə biliklərini nümayiş etdirmələri üçün hər bir şərait yaradılıb. İmtahanlar saat 10:00-da başlayıb və 12:45-dək davam edib.
TQDK-nın Göyçay regional bölməsindən AZƏRTAC-a bildirilib ki, hər üç mərkəzdə imtahanlar mövcud təlimata uyğun aparılıb. Şəffaf şəraitdə keçən imtahanların gedişində heç bir qanun pozuntusu qeydə alınmayıb. İmtahan rəhbərləri və nəzarətçi müəllimlər öz vəzifələrini peşəkarlıqla yerinə yetiriblər.