REGİONLAR
Göyçayda meyvə bağları, tərəvəz və bostan bitkilərinin əkin sahəsi genişlənib
Göyçay, 14 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda fermerlər son illər bitkiçilik və meyvəçiliyin inkişafına böyük maraq göstərirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-a bildiriblər ki, bu il rayonda 21 min 200 hektar sahədə yazlıq və payızlıq bitkilər əkilib. Bu da əvvəlki ildəkindən 1830 hektar çoxdur. Torpaq mülkiyyətçiləri bu il 13 min 880 hektar sahədən 37 min 67 ton taxıl toplayıblar. Bundan əlavə, cari ildə rayonda 1071 hektar sahədə tərəvəz, 157 hektar sahədə kartof, 200 hektar sahədə pambıq, 132 hektar sahədə qarğıdalı, 5 min 728 hektar sahədə yonca və 80 hektar sahədə bostan bitkiləri əkilib.
Sahibkarlar bol məhsul yetişdirmək üçün bitkilərə aqrotexniki xidmət göstəriblər. Bu günədək rayonda 1871 ton kartof, 13 min 359 ton tərəvəz, qış fəsli üçün 12 min ton quru ot tədarük olunub. Mütəxəssislər ötən illə müqayisədə cari ildə əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildiriblər. Həmçinin göyçaylı bağbanlar cari ildə 505 hektar sahədə yeni meyvə bağı salıblar. Rayonda bar verən 6019 hektar meyvə bağından bu günədək 2090 ton məhsul tədarük olunub. Rayonun kümçüləri bu il ilk dəfə olaraq sifariş əsasında götürdükləri 475 qram ipək qurdunu yetişdirərək 1130 kiloqram barama istehsal ediblər.
Hazırda rayonda pambıq, bostan və tərəvəz əkini sahələrinə, meyvə bağlarına qulluqla yanaşı, kənd təsərrüfatı məhsullarının yığımı da davam edir.