REGİONLAR
Göyçayda meyvə-tərəvəz və bostan məhsullarının istehsalı artıb
Göyçay, 13 oktyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda meyvə-tərəvəz və bostan məhsullarının əkin sahəsi, eləcə də məhsuldarlıq ötən illə müqayisədə xeyli artıb.
Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu ilin 9 ayında fermerlər və fərdi təsərrüfat sahibləri 5670 hektar meyvə bağından 29 min 86 ton məhsul toplayıblar. Cari ildə rayonda 125 hektar sahədə yeni meyvə bağı salınıb. Həmçinin ötən müddət ərzində 44 hektar sahədən 801 ton üzüm, 1158 hektar sahədən 17 min 582 ton tərəvəz, 70 hektar sahədən 1136 ton bostan, 114 hektar sahədən 457 ton qarğıdalı, 155 hektar sahədən 1808 ton kartof, 13 min 756 hektar sahədən 36 min 408 ton taxıl toplanılıb. Məlumata görə, ötən illə müqayisədə bu il əkin sahələrinin genişləndirilməsi və düzgün aqrotexniki qulluğun aparılması hesabına meyvə-tərəvəz və bostan məhsullarının istehsalı xeyli artıb.
Hazırda bağlarda nar, xurma, heyva, əkin sahələrində isə pomidor və xiyar yığımı davam etdirilir.