REGİONLAR


Göyçayda nar bağlarından 48 min 500 ton məhsul yığılıb

A+ A

Göyçay, 25 noyabr, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda nar yığımını başa çatdıran kəndlilər ötən ildəkindən daha çox məhsul əldə ediblər.

Rayon icra hakimiyyətinin aqrar şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bu il bağlara göstərilən aqrotexniki qulluğun yüksək səviyyədə olması və havanın əlverişli keçməsi bol məhsulun əldə edilməsinə səbəb olub. Ən önəmlisi isə qabaqlayıcı tədbirlər görüldüyü üçün bu il ağaclarda zədəli nar azlıq təşkil edib. Havanın yağmurlu və şaxtalı olmasını nəzərə alan kəndlilər meyvənin ağacda qalaraq tələf olmaması üçün iməciliklər təşkil edib, məhsul yığımını vaxtından tez başa çatdırıblar.

Cari ildə Göyçayda fermerlər və fərdi təsərrüfat sahibləri 3960 hektar nar bağından 48 min 500 ton məhsul yığıblar. Kəndlilər toplanan nar məhsulunu öz həyətlərində kiloqramını ölçüsünə görə 1-3 manata Rusiya və digər MDB ölkələrinin bazarlarına, eləcə də Bakı şəhərinə aparan iş adamlarına satıblar. İş adamları Göyçay narının 50 faizini Rusiya, Ukrayna və Gürcüstan bazarlarına çıxarıblar.

İcra hakimiyyətindən verilən məlumata görə, ötən il 47 min 200 ton nar məhsulu tədarük olunub.

Qeyd edək ki, Göyçayda narçılığa olan maraq ildən-ilə artır, yeni və məhsuldar nar sortlarının yetişdirilməsi, təzə bağların salınması üçün tədbirlər görülür. Son iki ildə rayonda 350 hektar sahədə yeni nar bağı salınıb. Hazırda rayonda yeni nar bağlarının salınması üçün sahələrdə hazırlıq işləri görülür. Rayonun 40-a yaxın kəndində nar bağlarında əsasən ixrac qabiliyyətinə malik "Gülövşə", "Vələs", "Şəndi", "Şirin", "Bala Mürsəl" nar sortlarını yetişdirməyə üstünlük verirlər. Ötən əsrin 90-cı illərinin əvvəllərində Göyçayda cəmi 251 hektar məhsuldar nar bağı mövcud idisə, hazırda rayonda 4350 hektar sahədə nar bağı var ki, bunun da 3960 hektarı barverəndir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.