REGİONLAR
Göyçayda nar bağlarının sahəsi 3 min 850 hektara çatdırılıb
Göyçay, 28 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
Azərbaycanın hər rayonu öz meyvəsi və ya tərəvəzi ilə məşhur olduğu kimi, Göyçay da qocaman çinarları və qeyri-adi dada malik narı ilə məşhurdur. Nar Azərbaycanda, İranda, Türkiyədə, Özbəkistanda, ABŞ-da və Latın Amerikası ölkələrində yetişsə də, Göyçay yeganə rayondur ki, burada bu meyvənin 65 növü mövcuddur.
Bu sözləri AZƏRTAC-a Azərbaycan Elmi-Tədqiqat Bağçılıq və Subtropik Bitkilər İnstitutunun əməkdaşı Elçin İsmayılov bildirib.
Göyçayın Şəhadət kəndindəki meyvəçilik dayaq məntəqəsinin baş elmi işçisi olan E.İsmayılov qeyd edib ki, dünya bazarında böyük tələbat duyulan narın bir sıra müalicəvi xüsusiyyətləri var: “Nar cənnət meyvəsi sayılır və müqəddəs Quranda da adı çəkilir. Narın şirəsindən və qabığından 20-dək xəstəliyin müalicəsində istifadə olunur. Bu meyvədən nar şərabı, nar şirəsi, nardança, mürəbbə və digər qida məhsulları hazırlanır ki, bunlar da insan orqanizmi üçün çox faydalıdır”.
E.İsmayılov son illər Göyçayda narçılığın inkişafının geniş vüsət aldığını deyir: “Rayonda kənd təsərrüfatının gəlirli sahələrindən biri olan narçılıqla məşğul olan fermerlərin sayının, yeni salınan nar bağlarının ərazisinin və məhsuldarlığın ildən-ilə artması bunu deməyə əsas verir. İldən-ilə daha məhsuldar nar sortları yetişdirilir, xüsusən də şahnar, çəhrayı gülöyşə, bala Mürsəl, Azərbaycan gülöyşəsi, nazikqabıq, qırmızı vələs nar sortlarından olan bağların ərazisi genişləndirilir. Çünki bu növ narlara həm MDB ölkələrində, həm daxili bazarda, həm də emal müəssisələrində böyük ehtiyac duyulur”.
Cari ilin yaz aylarında rayonda 70 hektar, son 3 ildə isə 800 hektar sahədə yeni nar bağı salınıb. Narın vətəni olan Göyçayda yeni nar bağları əsasən Qarayazı, Alxasava, Qaraməryəm, Veysəlli, Hacıalıkənd, Bığır, Qarabaqqal kəndlərindədir. Hər hektara təxminən 450 nar tingi əkilib. Beləliklə, Göyçayda torpaq sahibləri nar bağlarının sahəsini genişləndirərək 3 min 850 hektara çatdırıblar. Ağac əkininə bu günlərdə yekun vurulub və hazırda bağlarda aqrotexniki qulluq işləri görülür.
Mütəxəssisin sözlərinə görə, “Kənd təsərrüfatı ili”ndə rayonda məhsul istehsalı ötən ilə nisbətən daha yüksək olacaq. Belə ki, ötən il 45 min ton nar tədarük olunubsa, cari ildə nar bağlarından 48 min tona yaxın məhsulun toplanılması gözlənilir. Həmçinin dövlətin dəstəyindən yararlanaraq payız aylarında boş torpaq sahələrində yeni bağların salınması üçün hazırlıq işləri də görülür.