REGİONLAR


Göyçayda narçılığın inkişaf etdirilməsi üçün gənclərin bacarıqları artırılır

A+ A

Göyçay, 24 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC

“Göyçay İnkişaf Mərkəzi” Gənclər İctimai Birliyi Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin dəstəyi ilə “Nar bağlarının effektiv idarəedilməsi və gənclərin bu istiqamətdə bacarıqlarının artırılması” adlı layihəni uğurla icra edir.

AZƏRTAC xəbər verir ki, layihə çərçivəsində avqustun 23-də Göyçay Gənclər Mərkəzində narçılıq sahəsi üzrə fəaliyyət göstərən fermerlərin, kənd təsərrüfatı mütəxəssislərinin, təhsil işçilərinin, gənclərin iştirakı ilə görüş keçirilib.

Tədbirdə layihənin əlaqələndiricisi Nahid Quliyev, Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin nümayəndəsi Şəlalə Kamilova, Göyçay Rayon İcra Hakimiyyətinin məsul işçisi Eldəniz Məmmədov çıxış edib. Bildirilib ki, pilot layihənin əsas məqsədi hədəf seçilmiş kəndlərdə təsərrüfat sahiblərinə nar məhsulu istehsalı üçün səciyyəvi olan ehtiyacları müəyyənləşdirmək və nar bağlarının aqrotexniki qaydada düzgün idarəedilməsi üçün 30 nəfər gəncin bilik və bacarıqlarını artırmaqdır.

Narçılıqla məşğul olan fermerlər və aqronomlar gənclərə nar bağlarına qulluq edilməsi qaydaları, ziyanvericilərə qarşı mübarizə yolları, yetişən məhsulun saxlanılması və çürüməsinin qarşısının alınması üçün vacib tədbirlər barədə məlumat veriblər.

Göyçay Peşə Liseyinin direktoru Qabil Zeynalov, rayon təhsil şöbəsinin müdir müavini Rahib Burcəliyev, narçılıq üzrə elmi işçi, aqronom Zaur Hacıyev gənclərin kənd təsərrüfatı sahəsi üzrə bacarıqlarının artırılması üçün onların peşə hazırlığı kurslarına cəlb edilməsinin vacibliyindən danışıblar. Məlumat verilib ki, Göyçay rayonunda insan sağlamlığı üçün əvəzolunmaz meyvə hesab olunan narın 67 sortu yetişdirilir. Bu gün Göyçayda narçılıqla məşğul olan çox az sayda aqronom var ki, onlar da yaşlı nəslin nümayəndələridir. Saf və keyfiyyətli məhsul əldə etmək üçün nar bağları xüsusi qulluq tələb edir. Gənclərin narın yetişdirilməsi sahəsində demək olar, anlayışı yoxdur. Göyçayda gəlirli sahə hesab olunan narçılığı inkişaf etdirmək üçün əvvəlcə gənclərdə bu sahəyə marağın yaradılmasına və onların mütəxəssis kimi yetişdirilməsinə ehtiyac var. Bu məqsədlə kəndlərdə yaşayan və narçılığa marağı olan fəal gənclər layihə çərçivəsində təlimlərə cəlb edilərək onların mütəxəssis kimi formalaşmasına köməklik göstəriləcək.

Layihənin icrası zamanı Göyçay Regional Kənd Təsərrüfatı İdarəsi, Göyçay Peşə Liseyi və Göyçay Regional Peşə Tədris Mərkəzi ilə yaxından əməkdaşlıq edilir. Layihə çərçivəsində nar bağlarının effektiv idarəedilməsinə kömək məqsədilə xüsusi model hazırlanacaq və regionda bu sahədə kadr inkişafına dəstək olmaq üçün maraqlı tərəflərlə əməkdaşlıq ediləcək.

Təlimlərdən sonra gənclərin istehsal müəssisələrinə və nar bağlarına səfərlərinin təşkil edilməsi nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.