REGİONLAR
Göyçayda ötən 3 ayda 451 nəfər işlə təmin edilib
Göyçay, 17 aprel, Şahnəzər Bəşirov, AZƏRTAC
2017-ci ilin birinci rübü ərzində Göyçay Rayon Məşğulluq Mərkəzinə 962 nəfər işaxtaran vətəndaş müraciət edib. Onlardan 248 nəfəri qadın, 422 nəfəri gəncdir.
Mərkəzdən AZƏRTAC-a bildiriblər ki, müraciət edənlərin 451 nəfəri öz peşəsinə uyğun işlə təmin olunub. Onlardan 91 nəfəri qadın, 136 nəfəri gəncdir. Vətəndaşlar əsasən istehsal müəssisələri, tikinti, təbii qaz və içməli su təchizatı, səhiyyə və sosial xidmətlər, turizm və kommunal xidmət sahələrində, mağaza və restoranlarda, abadlaşdırma, binaların təmiri və kommunal təsərrüfat sahələrində işlə təmin ediliblər.
Bundan əlavə, məşğulluq mərkəzi işaxtaran vətəndaşları peşə hazırlığı kurslarına cəlb edib, 66 nəfərə işsizlik statusu verib, müavinət ödənilib.