REGİONLAR
Göyçayda pambıq yığımına başlanılması münasibətilə “Məhsul bayramı” təşkil olunub
Göyçay, 1 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçaylı fermerlər 15 illik fasilədən sonra ilk dəfə becərdikləri pambığın yığımına başlayıblar. Bu münasibətlə rayonun Mallı-şıxlı kəndində “Məhsul bayramı” təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbirdə rayon icra hakimiyyətinin, idarə və təşkilatların kollektivləri, hüquq-mühafizə orqanlarının əməkdaşları, ictimaiyyət nümayəndələri, kənd təsərrüfatı işçiləri iştirak ediblər.
Mərasimdə çıxış edənlər aqrar sektorun inkişafına göstərilən dövlət qayğısından söz açıblar. Bildirilib ki, bu il rayonda 15 ildən sonra ilk dəfə 200 hektar sahədə pambıq əkilib. Pambıqçılıqla məşğul olan fermerlər ilk gündən sahələrə yüksək səviyyədə aqrotexniki qulluq göstərib və bol məhsul yetişdiriblər.
Rayon icra hakimiyyətinin başçısı Mehdi Səlimzadə pambıq yığımına başlanılması münasibətilə fermerləri, kənd təsərrüfatı işçilərini təbrik edib. O, bildirib ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı ilə bağlı verdiyi tapşırıqlara əsasən ölkəmizin hər yerində olduğu kimi, Göyçayda da pambıqçılıq və baramaçılıq ənənələrinin bərpası istiqamətində mühüm addımlar atılıb. Bu sahədə çalışanlara subsidiyaların və digər dövlət dəstəyinin verilməsi fermerləri daha da ruhlandırıb. Bütün bunlar yeni iş yerlərinin açılmasına və kənd adamlarının rifahının yaxşılaşmasına şərait yaradıb. Torpaqlardan daha səmərəli istifadənin zəruriliyini diqqətə çatdıran rayon icra hakimiyyətinin başçısı 2017-ci ildə pambıq əkinlərinin beş dəfə artırılaraq 1000 hektara çatdırılmasının nəzərdə tutulduğunu deyib.
Mərasimdə çıxış edən fermerlər göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlıq ediblər.
Sonra pambıq sahələrinin becərilməsində zəhməti olan bir qrup kənd əməkçisinə hədiyyələr təqdim olunub.
“Məhsul bayramı” rayon mədəniyyət evinin kollektivi tərəfindən təşkil olunan konsert proqramı ilə davam edib.