REGİONLAR
Göyçayda parklar əsaslı şəkildə yenidən qurulur
Göyçay, 28 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay şəhərindəki parklar yenidən qurulur, əhalinin istirahətinin mənalı təşkili üçün hər cür şərait yaradılır.
AZƏRTAC xəbər verir ki, rayon mərkəzindəki Heydər Əliyev parkında aparılan əsaslı təmir işləri başa çatdırılıb. Yenidənqurma işləri zamanı Ulu Öndərin adını daşıyan parkın ərazisi xeyli genişləndirilib, burada yeni oturacaqlar, fəvvarə, müasir işıqlandırma sistemi quraşdırılıb, tamet plitələr döşənib və gül kolları əkilib. Bayraq Meydanı da əsaslı təmirdən sonra rayon sakinlərinin istifadəsinə verilib.
Hazırda şəhərin şimalında yerləşən Əli Kərim parkında yenidənqurma işləri davam etdirilir. Vaxtilə parkın ərazisində dəfn edilən Göyçayın tanınmış şairləri Əli Kərim, İsgəndər Çoşqun və Əli Səmədlinin məzarları bərpa edilib, ətrafı abadlaşdırılıb. Əli Kərimin heykəli parkın mərkəzinə gətirilərək ətrafına mərmər döşənib. Hazırda parkın ərazisinə tamet plitələr döşənir, su xətti çəkilir, yeni işıqlandırma sistemi və oturacaqlar quraşdırılır, gül kolları əkilir. Parkın giriş qapısı da yenidən qurulub.
Həmçinin parkda ucaldılan “31 Mart - Azərbaycanlıların Soyqırımı” abidə kompleksi əsaslı təmir edilir, ətrafda abadlıq işləri görülür.