REGİONLAR
Göyçayda payızlıq taxıl səpininə hazırlıq üçün yay şumu çıxarılır
Göyçay, 15 avqust, Şahnəzər Bəşirov, AZƏRTAC
Göyçay rayonunda fermerlər son illər taxılçılığın inkişafına böyük maraq göstərir. Cari ildə rayonda torpaq mülkiyyətçiləri 13 min 880 hektar sahədən 37 min 67 ton taxıl toplayıblar. Hər hektar taxıl sahəsindən orta hesabla 26.5 sentner məhsul götürülüb. Mütəxəssislərin fikrincə cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olub. Mütəxəssislər əkin sahələrinin genişləndirilməsi ilə yanaşı, məhsuldarlığın da xeyli artdığını bildirir.
Hazırda rayonda payızlıq taxıl əkini kampaniyasına ciddi hazırlıq işləri görülür. Artıq 3 min hektardan çox sahədə yay şumu çıxarılıb. Hazırda 20-ə yaxın şumçıxaran traktor taxıl sahələrində işləyir. Bundan əlavə fermerlər toxum tədarükünü də artıq başa çatdırıblar. Əkinçiləri qarşıdakı mövsümün məhsulu üçün bu ildəkindən daha çox, yəni 14 min 200 hektar sahədə payızlıq taxıl səpini aparmaq əzmindədirlər.