REGİONLAR
Göyçayda qanvermə aksiyasında 200-ə yaxın könüllü iştirak edib
Göyçay, 19 sentyabr, Şahnəzər Bəşirov, AZƏRTAC
Talassemiya ilə mübarizəyə dair 2015-2020-ci illər üçün Dövlət Proqramına uyğun olaraq Göyçay rayonunda növbəti dəfə qanvermə aksiyası təşkil edilib.
AZƏRTAC xəbər verir ki, müxtəlif qan xəstəliklərindən əziyyət çəkən insanlara kömək məqsədilə Göyçay rayon Mərkəzi Xəstəxanasında keçirilən humanitar aksiyada rayonun idarə və təşkilatlarının kollektivləri, hüquq mühafizə orqanlarının əməkdaşları, təhsil, səhiyyə, mədəniyyət işçiləri və gənclər iştirak ediblər.
Aksiya çərçivəsində B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunun Mərkəzi Qan Bankının əməkdaşları əvvəlcə qan vermək üçün müraciət edən 250 nəfəri müayinə ediblər. Könüllü olaraq qan vermək üçün gün ərzində müraciət edən 200-ə yaxın vətəndaşdan qan götürülüb. Tədarük edilən qan və qandan hazırlanan preparatlardan hemofiliyalı və talassemiyalı, həmçinin qana ehtiyacı olan digər xəstələrin müalicəsində istifadə olunacaq.