REGİONLAR
Göyçayda seçki məntəqələri səsvermə üçün hazır vəziyyətə gətirilib
Göyçay, 19 dekabr, AZƏRTAC
Göyçay rayonunda bələdiyyə seçkilərinə hazırlıq diqqət mərkəzindədir.
AZƏRTAC xəbər verir ki, 89 saylı Göyçay-Ağdaş seçki dairəsi dairə seçki komissiyasının (DSK) tərkibinə daxil olan bütün seçki məntəqələrində dekabrın 23-də keçiriləcək bələdiyyə seçkilərinə hazırlıq işləri başa çatmaq üzrədir.
DSK-nın sədri Nizam Məhərrəmov AZƏRTAC-a bildirib ki, məntəqələrin 12-də veb-kameralar quraşdırılıb. Artıq səsvermə ilə əlaqədar bildirişlərin paylanılması işləri başa çatdırılıb, Mərkəzi Seçki Komissiyası tərəfindən çap olunan seçki bülletenləri rayona gətirilib. Eyni zamanda, seçici siyahıları məntəqələrdəki xüsusi lövhələrdə yerləşdirilib. Şəhər və kəndlərdəki seçki məntəqələri səsvermə üçün hazır vəziyyətə gətirilib.
Bütün seçki məntəqələrinin yerləşdiyi ərazidə və otaqlarda səliqə-sahman yaradılıb. Seçki məntəqələri lazımı texniki avadanlıqlarla təchiz edilib, rabitə və elektrik sistemi qaydaya salınıb. Məntəqə seçki komissiyaları üzvlərinin maarifləndirilməsi məqsədilə seminarlar təşkil edilib, hərbi xidmətdən qayıdan gənclər, yeni ailə quranlar və yaşayış yerini dəyişənlər müəyyən edilərək seçici siyahılarına salınıb.
89 saylı Göyçay-Ağdaş seçki dairəsi üzrə isə 38 min 158 nəfərin adı seçici siyahısına daxil edilib. On bir bələdiyyə üzrə 290 nəfərin namizədliyi qeydə alınıb. Təbliğat-təşviqat kampaniyası dövründə namizədlərə seçki məntəqələrinin ərazisində ayrılan açıq və qapalı yerlərdə seçicilərlə görüşlər keçirmək üçün şərait yaradılıb.