REGİONLAR


Göyçayda sel sularının dağıtdığı körpülər və yollar bərpa edilib

A+ A

Göyçay, 22 iyul, Şahnəzər Bəşirov, AZƏRTAC

İyunun 12-də İsmayıllı rayonuna yağan güclü leysan yağışları nəticəsində əmələ gələn sel suları Göyçayın Qaraməryəm və Aşağı Qaraməryəm kəndlərində fəsadlara səbəb olmuşdu. Kəndlərdə infrastrukturun bərpası üçün görülən tədbirlər artıq başa çatdırılıb.

AZƏRTAC xəbər verir ki, təbii fəlakət zamanı yaşayış məntəqələrindən keçən Dəvəbatan çayı və digər xırda dağ çayları üzərindəki körpülər əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Körpülərin açılış mərasimində çıxış edən Göyçay Rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bildirib ki, güclü selin vurduğu ziyanın aradan qaldırılması məqsədilə əməli tədbirlər görülüb. Kəndlərdə iki avtomobil körpüsü yenidən tikilib, sel sularının yararsız hala saldığı elektrik dirəkləri, qırılan naqillər dəyişdirilib. Yaşayış məntəqələrinin sağ və sol hissələrini birləşdirən, yeni istifadəyə verilən avtomobil körpüsünün uzunluğu 12, eni 6 metrdir. Həmçinin sel zamanı sıradan çıxmış yeraltı su borularının əvəzinə 7 dəmir boru salınıb, dağılan kəndarası yollar bərpa edilib. Su arxının lildən təmizlənməsi nəticəsində İnçə, Alxasava və Dövranlı kəndlərində əkin sahələrinin suvarılmasındakı çətinliklər aradan qaldırılıb.

Tədbirdə “Azəravtoyol” ASC-nin sədr müavini Hüsni Quliyev çıxış edərək Göyçayda selin fəsadlarının aradan qaldırılması və əhalinin sosial problemlərinin həlli münasibətilə sakinləri təbrik edib.

Kənd sakinləri onlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.