REGİONLAR
Göyçayda selektiv abortların qarşısının alınması ilə bağlı qadınlara məsləhətlər verilib
Göyçay, 25 oktyabr, AZƏRTAC
“Qadın və İnkişaf” Mərkəzi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə regionlarda həyata keçirdiyi “Selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması sahəsində təbliğat işlərinin aparılması” adlı layihə çərçivəsində növbəti maarifləndirmə tədbirini Göycay rayonunda təşkil edib.
AZƏRTAC xəbər verir ki, tibb işçilərinin, evdar qadınların, gənclərin və müəllimlərin iştirakı ilə keçirilən tədbirdə Göyçay Rayon İcra Hakimiyyəti başçısının müavini Rəxşəndə Rəcəbova çıxış edərək mövzunun aktuallığına toxunub, bu istiqamətdə rayonda görülən tədbirlər barədə ətraflı məlumat verib.
“Qadın və İnkişaf” Mərkəzinin rəhbəri Pərvin Məmmədova isə çıxışında qeyd edib ki, layihənin məqsədi rayonlarda əhali arasında reproduktiv sağlamlıq, abortların fəsadları və digər mövzularda maarifləndirmə işi aparmaqdır.
Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Mamalıq və Ginekologiya İnstitutunun elmi katibi vəzifəsini icra edən Leyla Məmmədova ölkəmizdə ana və uşaq sağlamlığının qorunmasına dövlət tərəfindən diqqət və qayğı ilə yanaşıldığını vurğulayıb. Leyla Məmmədova Azərbaycanda ana və uşaq sağlamlığı sahəsində dövlət siyasəti, reproduktiv sağlamlıq, ailə planlaşdırılması, doğuşdan sonrakı dövrdə xidmət, abortların zərəri, erkən nikahların fəsadları, cinsi yolla yoluxan xəstəliklərin profilaktikası barədə məlumat verib. Qeyd edib ki, hazırda dünyanın bir sıra ölkələrində narahatlığa səbəb olan aktual problemlərdən biri də doğulan uşaqların cinsə görə nisbətinin pozulmasıdır. Bəzi ailələrdə əsasən oğlan uşaqlarına üstünlüyün verilməsi cəmiyyətdə gender balansının, eləcə də genofondun pozulmasına gətirib çıxara bilər.
Rayon mərkəzi xəstəxanasının həkimləri yeni doğulan uşaqların oğlan-qız nisbəti arasında böyük fərq yaranmaması üçün selektiv abortun qarşısının alınmasını nəzərdə tutan qanunvericiliyin qəbul olunmasına ehtiyac olduğunu vurğulayıblar.
Tədbirdə selektiv abortların qarşısının alınması və düzgün ailə planlaşdırılması ilə bağlı interaktiv müzakirələr və fikir mübadiləsi aparılıb, bu sahədə bir sıra təkliflər irəli sürülüb, eyni zamanda, müraciət edən qadınlara fərdi qaydada məsləhətlər verilib.