REGİONLAR


Göyçayda taxıl biçininə başlanılıb

Göyçay, 30 may, Şahnəzər Bəşirov, AZƏRTAC

Göyçay rayonunda taxıl biçini kampaniyasına start verilib. İlk olaraq rayonun 6 kəndində arpa tez yetişdiyi üçün həmin sahələrdə biçin aparılır.

Göyçay rayon Kənd Təsərrüfatı İdarəsindən AZƏRTAC-a bildiriblər ki, fermerlər və torpaq mülkiyyətçiləri bu il taxıl sahələrindən bol məhsul götürəcəklərinə əmindirlər. Biçin kampaniyasına ciddi hazırlaşan taxıl istehsalçıları məhsulu vaxtında və itkisiz toplamaq üçün bütün qüvvələri səfərbər ediblər. Bu il rayonun kəndli fermerləri öz təsərrüfatlarında 14 min 714 hektar sahədə taxıl becəriblər. Bunun 7780 hektarını buğda, 6934 hektarını arpa təşkil edir. Sahələrdə aqrotexniki tədbirlərin vaxtında və keyfiyyətlə həyata keçirilməsi, ziyanvericilərin qarşısının alınması və hava şəraitinin əlverişli olması nəticəsində bol məhsul yetişib. Mütəxəssislərin fikrincə, cari ildə məhsuldarlıq ötən ildəkindən daha çox olacaq.

Cari ildə taxıl biçininə Göyçay və ətraf rayonlardan 45 ədəd müxtəlif markalı kombayn və yük maşını cəlb olunub. Rayonda taxılın vaxtında və itkisiz yığılması məqsədilə məhsul istehsalçılarının taxılyığan kombayn və digər kənd təsərrüfatı texnikaları ilə tələbata uyğun təmin edilməsinə kömək göstərilməsi üçün operativ işçi qrupu yaradılıb.

İdarənin rəisi Elçin İsmayılov AZƏRTAC-a bildirib ki, bu il rayonda kombayn çatışmazlığı problemi olmayacaq və fermerlərin məhsulu vaxtında biçilərək təhvil veriləcək. Bu məqsədlə dağlıq rayonlarda biçin vaxtı gec olduğu üçün oradakı kombaynlar da rayondakı taxıl sahələrinə cəlb olunacaq. Hava yağmursuz keçərsə, arpa biçini kampaniyasının iyunun 25-dək, buğda biçininin isə iyulun ortalarınadək başa çatdırılması planlaşdırılır.

Qeyd edək ki, taxıl biçini prosesinə cəlb olunan mexanizator və kombaynçılar taxılın yanğından qorunması və digər təhlükəsizlik qaydalarına əməl edilməsi ilə bağlı təlimatlandırılıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.